MDU-da Milli Dirçəliş Gününə həsr edilmiş “Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinin şanlı səhifəsi” mövzusunda dəyirmi masa keçirilib

  • Post category:MDU xəbərləri

Universitetin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, Təhsil fakültəsinin tələbə və magistrantları iştirak edib. 

İlk növbədə, illərdir işğal altında olan torpaqlarımızın Zəfər sevincini xalqımıza yaşadan, Azərbaycanımızın igid və qəhrəman şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova qeyd edib ki, 17 noyabr Azərbaycan xalqının istiqlal mücadiləsinin mühüm mərhələsini təşkil edir. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqı Bakının Azadlıq meydanına toplaşaraq SSRİ-nin Dağlıq Qarabağla bağlı siyasətinə qarşı kütləvi etiraz aksiyalarına başladı. Bu nümayişlər Azərbaycan xalqının milli birliyini və müstəqillik arzusunu ifadə edirdi. Həmin dövrdə, Sovet İttifaqının repressiv siyasətinə baxmayaraq, xalq böyük cəsarət göstərərək meydanlara çıxmış və öz haqlarını tələb etmişdi.

Bu hadisələr nəticəsində milli dirçəliş hərəkatı gücləndi və Azərbaycanın müstəqilliyə gedən yolu üçün mühüm bir başlanğıc nöqtəsinə çevrildi. 1991-ci ildə isə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi.

Bu gün Azərbaycan xalqının milli şüurunun oyanışını və müstəqillik uğrunda mübarizəyə başlayışını simvollaşdırır.

Açılış nitqindən sonra Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş etidirilib.

Sonra Humanitar fənlər kafedrasının müəllimi Leyla Babayeva “Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinin şanlı səhifəsi” mövzusunda çıxış edib.

Sonda dəyirmi masa iştirakçıları ilə mövzu ətrafında müzakirələr aparılıb.