Milli maraqlarımızın təmin edilməsi üçün
bütün lazımi addımlar atılacaq
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda yaranmış böhran və iqtisadi tənəzzül həyat tərzinin aşağı düşməsinə şərait yaratmış, insanların sabaha olan inamları azalmışdı. Belə bir dövrdə xalqın təkidli çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və iqtisadiyyatımızın inkişafı üçün əməli fəaliyyəti ilə ölkəyə uğur gətirirdi. Bu siyasi xətti uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə xalqın etimadı ilə Prezident seçildikdən sonra ilk olaraq iqtisadiyyatımızın inkişafı üçün önəmli olan layihələrin reallaşmasına diqqət göstərdi.
2004-cü ildə təsdiq olunan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci mərhələsi, daha sonra isə ikinci, üçüncü, dördüncü mərhələsində ölkəmizin bütün bölgələrində, şəhər və rayonlarda, qəsəbə və kəndlərdə geniş abadlıq –quruculuq işləri reallaşdlrılmışdır və bu işlər hazırda uğurla davam etdirilir.
Bununla bağlı 2021-ci il 20 aprel tarixində Hacıqabul rayonuna səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan Televiziyasına geniş müsahibə vermiş və Azərbaycanın dünya arenasında nüfuz qazandığı kimi, ölkə daxilində də müvəffəqiyyətlərə nail olmasından fərəhlə danışmışdır. Qeyd olunmuşdur ki, proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və yeni yarımstansiyanın açılışı da bunu göstərir. Kənd yollarının 75 faizi yenidən çəkilib. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Yeni açılan obyektlər rayonların gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir.
Qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdə yeni imkanların yaradılmasına da diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Hər iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir.
Aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətərindən biridir. Hacıqabulda iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir. Bu cür yanaşma bütün böyük təsərrüfatlarda və kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, o zaman ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərdə də uğurlar əldə olunacaq. Bütövlükdə Azərbaycanda 50-dək aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Təqdir olunmalı haldır ki, dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır.
Qeyd edim ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ötən 17 il ərzində Mingəçevirdə də xeyli abadlıq quruculuq işləri görülmüşdür. Belə ki, yollar asfaltlanmış, işıqlandırma sistemi müasir formada yenidən qurulmuş, qaz xətləri yenilənmiş, su xətləri dəyişdirilmişdir. Həmçinin şəhərimizdə bir neçə orta məktəb binaları və uşaq bağçaları yenidən inşa olunmuş və ya əsaslı təmir edilmişdir. Yeni parklar salınmış, istirahət məkanlarında və parklarda insanların mənalı istirahəti üçün gözəl şərait yaradılmış, yaşıllıq zolaqları genişləndirilmişdir. Məhəllələrdə əsaslı tikinti işləri aparılmış, yaşayış binalarının üzəri suvanaraq rəngləmişdir. Şəhərimizdəki yüzlərlə çoxmənzilli yaşayış binalarının dam örtükləri müasir formada yenidən qurulmuşdur. Məhəllələrdə işıqlandırma sistemi quraşdırılmış, sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.
2020-ci ilin payızında Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti sayəsində işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin başlanması barədə dövlətimizin başçısının verdiyi tapşırıqlar icra olunur. Bu ərazilərdə həyatın bərpası üçün işlərin sürətlənməsi də sevindiricidir. Bu barədə danışan prezident İlham Əliyev bildirib ki, “Minalardan təmizləmə prosesi dayanmadan davam edir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib”. Bəli, əsrin müharibəsində möhtəşəım qələbə qazanan Azərbaycan xalqı bunun da öhdəsindən gələcək. Bizim torpaqlarımız işğaldan azad olunub, bu böyük qələbədir. Dünya dövlətləri də Azərbaycan Prezidentinin qətiyyətini, xalqımızın birliyini və vətənpərvərliyini gördü. Ədalət qalib gəldi. Prezidentimiz qeyd etdi ki, “Azad edilmiş ərazinin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır”.
Ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. Kəndlərin bərpası mərhələlərlə reallaşacaq. Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib. Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək.
Müharibə başa çatandan dərhal sonra infrastruktur layihələrinə start verildi. Mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Dünya tarixində çox müharibələr olub. Bu qədər qəddarlıq və düşmənçilik dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsində belə vəhşiliyə yol verilməyib. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Tək Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur.
Azərbaycanın təbii sərvətlərindən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Cənab Prezident deyib ki, “Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib”.
Prezidentimiz qətiyyətlə dedi ki, “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Dövlətimiz, xalqımız kimin-kim olduğunu yaxşı bilir. Dostumuz da bəllidir, düşmənimiz də. Azərbaycan xalqı isə öz prezidentinin ətrafında sıx birləşərək qələbə sevincini yaşayır və yurdumuzun bundan sonra daha da inkişaf edəcəyinə inanır.
Mirzə Cavadov,
MDU-nun Tarix müəllimi