Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil Tələbə Kredit fondu haqqında maarifləndirici görüş keçirilib

  • Post category:Karyera

Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil Tələbə Kredit Fondunun nümayəndələri ilə tələbələr arasında maarifləndirici görüş keçirilib. Təcrübə və Karyera İnkişafı Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələrə təhsil kreditləri barədə ətraflı məlumat verilib.

Görüşdə MDU-nun Təcrübə və Karyera İnkişafı Mərkəzinin şöbə müdiri Nuran Cəfərov, tələbələrin maliyyə dəstəyi alma imkanlarının əhəmiyyətindən bəhs edib. O, belə tədbirlərin tələbələrin məlumatlılığını artırdığını və onların təhsil həyatına pozitiv təsir etdiyini vurğulayıb.

Təhsil Tələbə Kredit Fondunun maliyyə-iqtisadiyyat şöbəsinin baş mütəxəssisi Əli Rzayev fondun fəaliyyəti, təhsil kreditlərinin şərtləri və müraciət prosedurları haqqında geniş təqdimat edib. O, kreditlərin verilməsi, geri ödəmə müddətləri və faiz dərəcələri barədə ətraflı məlumat verərək, tələbələrin suallarını cavablandırıb.

Risklərin idarə edilməsi üzrə baş mütəxəssis Mirşahin Abdullayev kreditlərin alınması zamanı qarşılaşa biləcək risklər və onların idarə olunması mövzusunda danışıb. O, tələbələrə maliyyə savadlılığının vacibliyini və məsuliyyətli borclanmanın prinsiplərini izah edib.

Maliyyə-iqtisadiyyat şöbəsinin baş mühasibi Ömön Abdin Məhəmmədəli isə kreditlərin uçotu, ödəmə qaydaları və digər maliyyə məsələləri haqqında məlumat verib. O, tələbələrin maliyyə problemlərinin həllində fondun rolunu qeyd edib və onların suallarını ətraflı şəkildə cavablandırıb.

Görüş interaktiv mühitdə keçib, tələbələr öz fikirlərini bölüşüb və təkliflərini irəli sürüblər. Tədbirin sonunda iştirakçılar arasında faydalı fikir mübadiləsi aparılıb. Tələbələr belə maarifləndirici görüşlərin təşkilinə görə universitet rəhbərliyinə və Təhsil Tələbə Kredit Fondunun əməkdaşlarına təşəkkürlərini bildiriblər.