26 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Xocalı faciəsinin anım günü ilə əlaqədar olaraq, “Dolu” adlı sənədli filmin nümayişi təşkil edilib. Tədbir Qarabağ müharibəsi dövründə Vətən uğrunda canından keçən Azərbaycan oğullarının qəhrəmanlıq və şücaətini təsvir edən filmin təqdimatı ilə başlanıb.
Filmin nümayişindən əvvəl tədbir iştirakçıları Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, sonrasında isə Dövlət Himni səsləndirilib. “Dolu” filmi 2012-ci ildə rejissor Elxan Cəfərov tərəfindən ekranlaşdırılmış tammetrajlı müharibə filmidir. Film Qarabağ müharibəsindəki igid döyüşçülərin qəhrəmanlığını və onların vətən uğrunda apardıqları mübarizəni əks etdirərək, hər bir izləyiciyə dərin təsir etmişdir.
Film nümayişinin sonunda iştirakçılar arasında sükut hökm sürüb və hər bir izləyici Xocalı soyqırımının, eləcə də ümumilikdə müharibənin gətirdiyi ağrılı acıları bir daha hiss edərək, şəhidlərimizin xatirəsinə dərin ehtiram göstərmişdir.
Bu cür tədbirlər Xocalı faciəsinin unudulmaması və gələcək nəsillərə bu acı tariximizin öyrədilməsi məqsədini güdür. Mingəçevir Dövlət Universiteti vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsini daim yad edir və onları əziz tutmağa davam edir.