Mingəçevir Dövlət Universiteti Greentech2 startap müsabiqəsinin final mərhələsində 5 komanda ilə təmsil olunacaq

  • Post category:MDU xəbərləri

16 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov Greentech2 startap müsabiqəsinin final mərhələsində iştirak edəcək tələbələrlə görüş keçirib. Görüş zamanı rektor komandaların nümayəndələri ilə səmimi söhbət apararaq onların layihələri haqqında ətraflı məlumat alıb və onlara uğurlar arzulayıb. O, universitetin daim tələbələrin innovativ fəaliyyətlərini dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, 17 aprel tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) keçiriləcək Greentech2 startap müsabiqəsinin final mərhələsində MDU beş komanda ilə təmsil olunacaq. Finala vəsiqə qazanan komandalar — “Yaşıl Həyat”, “Void3”, “Aizerbaijan”, “GreenSpark” və “Eye Tech Trailblazers” universitetin innovasiya və təşəbbüskarlıq sahəsindəki uğurlarını nümayiş etdirir.

Komandalar bu mühüm tədbirə hazırlıq prosesində MDU-nun İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyindən yararlanıblar. Mərkəz tərəfindən təşkil olunan təlimlər, mentorluq xidməti və digər resurslar sayəsində tələbələr öz layihələrini inkişaf etdirərək final mərhələsinə hazır vəziyyətə gətiriblər.

Greentech2 müsabiqəsi yaşıl texnologiyalar və davamlı inkişaf istiqamətində innovativ ideyaları dəstəkləmək məqsədi daşıyır. Final mərhələsində komandalar layihələrini geniş auditoriya və peşəkar münsiflər heyəti qarşısında təqdim edəcəklər. Bu imkan tələbələrin praktiki bilik və bacarıqlarını nümayiş etdirməsi ilə yanaşı, ölkənin startap ekosisteminin inkişafına da töhfə verəcək.

Mingəçevir Dövlət Universiteti bu uğurla tələbələrinin innovasiya potensialını və regionun elmi-texnoloji inkişafına verdiyi töhfəni bir daha sübut edir.
Final mərhələsində iştirak edən komandalarımıza uğurlar arzulayırıq!