2022-ci ilin 14 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qazaxıstanın Almatı şəhərində yerləşən Abay adına Qazax Milli Pedaqoji Universitetində (Abay Universiteti) olub.
Abay Universitetinin rektoru Darxan Bilalov ilə görüşdə universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Dost Azərbaycanı təmsil edən MDU ilə əməkdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edən D.Bilalov ölkənin 95 ilə yaxın inkişaf tarixinə malik ən qocaman ali təhsil müəssisəsi olan Abay Universiteti haqqında məlumat verib. Qeyd edib ki, hazırda QS Dünya Universitetləri Reytinqində 511-520-ci yerləri bölüşdürən Abay Universitetinin 8 institutunda 16 mindən çox tələbə təhsil alır.
Yaxın perspektivdə Mərkəzi Asiyada pedaqoji təhsilin lider universitetinə çevrilməyi hədəflədiklərinii qeyd edən D.Bilalov rəhbərlik etdiyi ali təhsil müəssisəsində pedaqoji kadrların hazırlanmasında tətbiq olunan müasir yanaşmalardan bəhs edib və ikitərəfli əməkdaşlığın önəmini diqqətə çatdırıb.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən MDU-nun rektoru Ş.Bayramov təmsil etdiyi universitetin strateji hədəflərindən və başlıca fəaliyyət istiqamətlərindən söhbət açıb. Bildirib ki, yerləşdiyi regionun təhsil və innovasiya ekosisteminin drayverinə çevrilməyi əsas hədəflərindən biri kimi müəyyən edən MDU-da mühəndislik və iqtisadiyyat istiqamətləri ilə yanaşı, pedaqoji profilli kadrların hazırlığı da həyata keçirilir.
Müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi və akademik potensialın inkişafı sahəsində MDU-da görülən işlərdən bəhs edən Ş.Bayramov Abay Universiteti ilə əməkdaşlıq potensialını yüksək qiymətləndirib və işbirliyinin davamlı olacağına inandığını söyləyib.
Müzakirələrdən sonra, MDU ilə Abay Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, tədris-metodiki fəaliyyət sahəsində təcrübə mübadiləsi, akademik və inzibati heyət üzvlərinin ixtisaslarının artırılması, ortaq konfrans və seminarların keçirilməsi, qarşılıqlı mühazirələrin təşkili, Erasmus+ layihələrində birgə iştirak və digər istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.
Daha sonra, qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Görüşdə Abay Universitetinin prorektorları və institut direktorları da iştirak ediblər.
Rəsmi hissədən sonra MDU-nun rektoru Ş.Bayramov Abay Universitetinin tədris infrastrukturu və elmi potensialı ilə tanış olub.
Səfər çərçivəsində Ş.Bayramov Abay Universitetinin bir qrup professor-müəllim və tələbə heyəti üçün “Yeni dövrün universitetinə çevrilərkən (MDU nümunəsində)” mövzusunda seminar verib. Böyük maraqla qarşılanan seminarda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, bundan öncə MDU ilə Qazaxıstanın Türkistan şəhərində yerləşən Ahmet Yesevi Universiteti arasında da əməkdaşlığın əsası qoyulub.