Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin modernləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər çərçivəsində rebrendinq həyata keçirilib. 2022-ci ilin 16 avqust tarixində MDU-da rebrendinq çərçivəsində hazırlanmış yeni korporativ stilin, o cümlədən yeni loqonun və rəsmi saytın təqdimat mərasimi keçirilib. Təqdimatda Mingəçevir şəhər Təhsil sektoru, Gənclər və İdman İdarəsi, “Azərbaycan” İES MMC, ümumtəhsil müəssisələri və mətbuat nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurası, akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar, eləcə də qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilmək vizyonuna sahib MDU-nun yeni brendini ictimaiyyətə tanıtmaqdan məmnunluğunu bildirib. MDU-nun əsas missiyasının dayanıqlı inkişafa töhfə verən yüksək ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək olduğunu qeyd edən Ş.Bayramov universitetin yeni sloqanının “Müasir təhsil, doğru seçim, uğurlu karyera” olduğunu bildirib.
Rektor MDU-nun yeni brendində əksini tapan loqo, rənglər və bədii tərtibatın son dövrdə universitetin müasirləşməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin və qarşıya qoyulan strateji hədəflərin ümumi ideoloji konsepsiyası ilə uyğunluq təşkil etdiyini vurğulayıb. Bildirilib ki, yeni loqo universitetin yerləşdiyi şəhərin adının – “Mingəçevir” sözünün baş hərfinə oxşayır. Bununla yanaşı, loqo elm və bilik mənbəyi olan kitaba bənzəyir və universitetin uğurlu gələcəyə açılan qapı olduğunu əks etdirir. Həmçinin, yeni korporativ stildə universitetin rəngləri olaraq sarı və mavi rənglərin müvafiq çalarları seçilib. Sarı rəng enerji mənbəyi olan Günəşin, mavi rəng isə şəhərdən axıb keçən Kür çayının rəmzidir. Bu rənglər enerjinin və suyun bol olduğu Mingəçevirdə yerləşən MDU-nun davamlı inkişaf konsepsiyasına və davamlı inkişaf təfəkkürlü kadrların yetişdirilməsinə xüsusi önəm verdiyini göstərir.
Daha sonra, yeni brendin konsepsiyasına uyğun hazırlanmış MDU-nun yeni saytı (mdu.edu.az) təqdim edilib. Diqqətə çatdırılıb ki, müasir dizaynda tərtib edilmiş yeni saytda MDU-nun tarixi, missiyası, idarəetmə strukturu, kadr hazırlığı həyata keçirilən ixtisaslar və tədris proqramları, tələbə həyatı, elm, beynəlxalq əməkdaşlıq və digər fəaliyyətlər barədə məlumatlar, eləcə də universitetdə həyata keçirlən tədbirlərlə bağlı xəbərlər və elanlar öz əksini tapıb.
MDU-nun yeni brendi və saytı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda sürətlə modernləşən MDU-da həyata keçirilən kompleks tədbirlər yeni dövrün universitetinə çevrilmək və regional ekosistemin drayveri olmaq hədəflərinə çatmaq məqsədinə xidmət edir.