2022-ci ilin 20 may tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) evsahibliyi, Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti, Süleyman Demirel Universiteti, İsparta Tətbiqi Elmlər Universiteti və Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” mövzusunda 4-cü beynəlxalq konfransın (ICAIAME 2022) açılış mərasimi keçirilib. “Şuşa İli”nə həsr olunan beynəlxalq konfrans süni intellekt üzrə yeniliklər edən dünyanın tanınmış mütəxəssislərinin ixtiralarını geniş auditoriyaya çatdırmaq məqsədilə təşkil edilib.
Əvvəlcə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Açılış mərasimində çıxış edən ICAIAME-nin sədri Tuncay Yiğit üç il Türkiyədə keçirilən beynəlxalq konfransın növbəti dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu bildirib və bunu ortaq dəyərlərə sahib qardaş ölkələr arasında yüksələn xətlə inkişaf edən əlaqələrin nəticələrindən biri kimi dəyərləndirib. Qeyd edib ki, 30-a yaxın universitetin alimlərinin iştirak etdiyi konfransa ümumilikdə 227 məqalə daxil olub. İki gün ərzində keçiriləcək panel iclaslarda məqalələrin müzakirəsi aparılacaq.
Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev belə bir mötəbər tədbirin “Şuşa İli”nə həsr olunmasının xüsusilə əhəmiyyətli olduğunu bildirib. Rektor 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışaraq bildirib ki, müharibədə dünya hərb tarixində ilk dəfə olaraq müasir texnologiyalardan istifadə edilməsi bu sahənin mütəxəssisləri üçün araşdırma mövzusu olub. Müdafiə sənayesi sahəsində müasir trendlərdən istifadə onu göstərir ki, universitetlərdə süni intellekt və tətbiqi riyaziyyatın tədrisinin və bu istiqamətdə elmi-tədqiqatların keyfiyyəti artırılmalıdır. Rektor bugünkü konfransın həm alimlər, həm də müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb.
Sonra konfransa onlayn qoşulan İsparta Tətbiqi Elmlər Universitetinin rektoru, professor İbrahim Diler çıxış edib və konfransın işinə uğurlar arzulayıb.
Beynəlxalq konfransda geniş tərkibdə universitet heyəti ilə iştirak etməkdən məmnunluğunu ifadə edən MDU-nun rektoru Şahin Bayramov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin belə nüfuzlu beynəlxalq tədbirin təşkilatçılarından biri olmasından qürur duyduğunu bildirib və bu imkanın yaradılmasına görə bütün tərəfdaşlara təşəkkür edib. Dördüncü sənaye inqilabının baş verdiyi hazırki dövrdə həyatımızın bütün sferalarında, o cümlədən mühəndislik sahəsində süni intellekt texnologiyalarının geniş tətbiq olunmasından bəhs edən Ş.Bayramov müasir cəmiyyətin gələcək innovativ inkişafının onlarsız təsəvvür etməyin mümkün olmadığını vurğulayıb. Süni intellekt və rəqəmsallaşmanın yeni dövrdə rəqabətqabiliyyətli inkişaf üçün böyük imkanlar yaratması ilə yanaşı, ciddi çağırışlar da meydana çıxardığını qeyd edən Ş.Bayramov bu sahənin inkişafında rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin, müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının, tədqiqatların genişləndirilməsi və tətbiqiliyinin artırılmasının vacib rol oynadığını diqqətə çatdırıb. Yeni çağırışlar kontekstində elm və ali təhsil müəssisələri qarşısında duran vəzifələrdən söhbət açan rektor süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsinin MDU-nun prioritetləri sırasında yer aldığını bildirib. Bu tipli elmi platformalarda fəal iştirakın universitetlərin akademik heyət üzvlərinə böyük fayda qazandıracağına, süni intellekt sahəsinin inkişafına töhfə verən yeni əməkdaşlıqların və təşəbbüslərin formalaşdırılmasına əlverişli şərait yaradacağına əminliyini söyləyən Ş.Bayramov beynəlxalq konfransın təşkilində əməyi və dəstəyi olan bütün tərəfdaşlara, məruzəçilərə və iştirakçılara minnətdarlığını ifadə edib və konfransın işinə uğurlar arzulayıb.
Daha sonra, Türkiyənin Qazi Universitetinin professoru, Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidenti Çetin Elmas, Milli Müdafiə Universitetinin prorektoru, professor Serdar Salman süni intellektin müasir vəziyyəti, inkişaf mərhələləri, universitetlərdə bu istiqamətdə görülən işlər barədə danışıblar.
Konfrans çərçivəsində təşkilatçı universitetlərin rəhbərləri, o cümlədən MDU-nun rektoru Ş.Bayramov diplomla təltif olunub.
Günün ikinci yarısında proqrama uyğun olaraq beynəlxalq konfransın panel iclaslarına başlanılıb. Panel iclaslarında MDU-nun 20-ə yaxın akademik heyət üzvü elmi məruzə ilə çıxış ediblər. Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Mayın 21 və 22-də beynəlxalq konfrans işini hibrid formatda təşkil olunan panel iclasları ilə davam edirəcək.
Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da akademik və elmi potensialın gücləndirilməsi və hərtərəfli inkişaf etdirilməsi məqsədilə yerli və xarici tərəfdaş universitetlərlə birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.