2024-cü ilin 20 mayında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) evsahibliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası keçirilib. Beynəlxalq tədbirdə türk dövlətlərindən 60-a yaxın universitetin rektoru iştirak edib.
Tədbirdə TÜRKÜNİB-in fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi ilə bağlı strateji əhəmiyyətli məsələlər müzakirə olunub. O cümlədən TÜRKÜNİB-ə üzv olan universitetlərin elm və təhsil sahəsində proqramlarının uyğunlaşdırılması, mübadilə proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin tanınması üçün, eləcə də birgə akademik fəaliyyətin, layihələrin, konfransların, mədəniyyət, elm və idman sahələrində müsabiqələrin keçirilməsi və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulması məsələlərinə baxılıb.
Çox sevindirici haldır ki, baş Assambleyada Mingəçevir Dövlət Universitetinin (MDU) TÜRKÜNİB-ə üzv olmaq barədə müraciətinə də baxılıb və MDU-nun bu nüfuzlu təşkilata üzv qəbul olunmasına dair qərar qəbul edilib.
Qeyd edək ki, bu günə qədər TÜRKÜNİB-ə Azərbaycan (5 üzv), Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan ümumilikdə 49 universitet üzv idi.
Bu qərarı dəstəkləyən TDT rəhbərliyinə, TÜRKÜNİB üzvlərinə təşəkkür edir, MDU-nun təşkilatın fəaliyyətində aktiv iştirak etməsi üçün bütün imkanları səfərbər edəcəyimizi bildiririk.
TÜRKÜNİB-ə üzvlük “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”nın icrası çərçivəsində atılmış növbəti uğurlu addımlardan biridir. Türk dünyası universitetləri arasında əməkdaşlıq üçün unikal və səmərəli platforma olan TÜRKÜNİB-ə üzvlük münasibətilə yeni dövrün universitetinə çevrilən MDU ailəsinin bütün üzvlərini ürəkdən təbrik edirik.