2022-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari yaz semestrinin imtahan sessiyasının başlaması ilə əlaqədar olaraq “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim heyət üzvləri ilə onlayn formatda silsilə görüşlər keçirib.
Görüş iştirakçılarını salamlayan rektor MDU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin uğurla başa çatdığını qeyd edib və mövcud qaydalara uyğun olaraq hibrid formatda tədris prosesinin təşkilində göstərdikləri fəallığa görə universitetin kollektiv üzvlərinə təşəkkürünü bildirib.
Fakültələrin akademik heyətilə ayrıca görüşlərin keçirilməsinin əhəmiyyətindən bəhs edən Ş.Bayramov bu formatda müzakirələrin universitetdə mövcud vəziyyətin qiymətləndirilməsi və imtahan sessiyasına hazırlıq səviyyəsinin daha da yüksəldilməsi baxımından önəmini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının təhsil nazirinin “2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmri və buna əsasən universitetdə təsdiq edilən qaydalar haqqında ətraflı məlumat verən rektor tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflığın başlıca prinsiplərdən olduğunu vurğulayıb, imtahan prosesi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Tələbə və valideynlərlə görüşlər zamanı imtahan sessiyasına hazırlıq işlərindən məmnunluq ifadə edildiyini qeyd edən Ş.Bayramov cari imtahan sessiyasının uğurla başa vurulacağına əminliyini bildirib və universitetin akademik heyət üzvlərinə uğurlar arzulayıb.
Yaradılan şəraitə və göstərilən diqqətə görə MDU rəhbərliyinə təşəkkür edən universitetin professsor-müəllim heyəti üzvləri imtahan sessiyasına tam hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, MDU-da imtahan sessiyasına hazırlıq səviyyəsinin yüksəldilməsi, imtahanların tələbə və müəllim məmnunluğu şəraitində keçirilməsinin təmin edilməsi məqsədilə hər semestrin sonunda, ənənəvi olaraq, universitetin akademik heyət üzvləri, tələbə və magistrantları ilə silsilə görüşlər keçirilir.