4 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi məqalələrə qoyulan tələblər” mövzusunda təlim keçirilib. Təlimdə şöbənin müdiri Vüqar Mustafayev elmi məqalələrin hazırlanması, onların beynəlxalq standartlara uyğun yazılması və akademik nəşrlərə təqdim edilməsi qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib.
Təlimdə universitetin professor-müəllim heyəti və Mingəçevir Turizm Kollecinin əməkdaşları iştirak edib.
Təlim zamanı elmi məqalələrin strukturu, sitatgətirmə qaydaları, etibarlı mənbələrin seçilməsi və məqalələrin nüfuzlu elmi jurnallarda çap olunması üçün vacib olan meyarlar müzakirə edilib. Tədbir iştirakçıları mövzu ilə bağlı suallarını ünvanlayıb və geniş müzakirələr aparılıb.
MDU-da elmi fəaliyyətin inkişaf etdirilməsi istiqamətində keçirilən bu kimi təlimlər gələcəkdə də davam etdiriləcək.