İyunun 28-də Mingəçevir Dövlət Universitetində (MDU) Məzun Günü – 2022 tədbiri keçirilib.
Qonaqları və məzunları salamlayan MDU-nun rektoru Şahin Bayramov Azərbaycan Respublikasının Təhsil nazirinin tədbirdə iştirakının universitet üçün əlamətdar hadisə olmasını diqqətə çatdırıb. Məzunları, onların valideynlərini və müəllimlərini təbrik edən rektor gənclərin MDU-da həm yaxşı mütəxəssis, həm də layiqli vətəndaş kimi yetişdiklərinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlara Fəxri Fərmanlar təqdim edilib.
Dörd il əvvəl MDU-ya 647 balla qəbul olmuş və cari ildə universiteti ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə başa vuran Təhsil fakültəsinin tələbəsi Xədicə Abdullayeva məzunlar adından çıxış edib, müəllimlərə təşəkkürünü bildirib.
Qonaqlar məzunlarla xatirə şəkilləri çəkdiriblər.
Daha sonra hər fakültənin ən yüksək nəticə göstərən məzunu, bir müəllim və valideyn, Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professorları məzunları təbrik ediblər.
Qeyd edək ki, tədbirdə cari ilin məzunları ilə yanaşı universiteti 2020 və 2021-ci illərdə bitirmiş bir qrup məzun da iştirak edib. Cari tədris ilində məzun olan beş tələbənin tədbirə Vətən müharibəsində şəhid olmuş beş MDU məzununun şəkilləri ilə qatılması iştirakçılar tərəfindən böyük ehtiramla qarşılanıb. Eyni zamanda, Vətən müharibəsində iştirak etmiş bir qrup MDU əməkdaşı və məzununun tədbirə hərbi geyimdə gəlməsi iştirakçıların böyük sevincinə səbəb olub. Yaddaşlardan silinməyəcək Məzun Günü – 2022 tədbiri musiqi, şeir və flaşmobdan ibarət bədii hissə ilə davam edib.