2022-ci ilin 13 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Milli Qurtuluş Gününə həsr olunan “15 iyun 1993-cü il: Azərbaycan xalqının parlaq gələcəyə aparan yolun başlanğıcı” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Əvvəlcə, MDU-nun əsas tədris korpusunda ümummili lider Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransda giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə universitet kollektivini, tələbə və magistrantları təbrik edib.
Azərbaycan xalqının taleyində dönüş anı hesab edilən 15 iyun tarixinin ölkəmiz üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıdığını bildirən Ş.Bayramov ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi xilaskarlıq missiyasından bəhs edib. Rektor qeyd edib ki, məhz dahi şəxsiyyətin misilsiz öndərliyi, titanik fəaliyyəti, uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtulub və əbədi müstəqilliyinə qovuşub. Müstəqil dövlətçiliyin əsaslarının yaradılması və möhkəmləndirilməsi, ictimai-siyasi sabitlik, milli birlik və həmrəyliyin təmin olunması, hərtərəfli, davamlı və dinamik inkişaf yoluna qədəm qoyulması və dövlətimizin dünya birliyində mövqeyinin güclənməsi əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kursun onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsində uğurla davam etdirildiyini vurğulayan Ş.Bayramov hazırda Azərbaycanın bölgədə yeni geosiyasi reallıqlar yaradan dövlət kimi tarixinin ən şanlı səhifələrini yazmaqda davam etdiyini bildirib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində doğma yurdlarımızın erməni işğalı və vandalizmindən xilas olunması ilə xalqımızın növbəti möhtəşəm qurtuluşunu yaşadığını qeyd edən Ş.Bayramov Ümummilli Liderimizin vəsiyyətinin yerinə yetirildiyini və onun ruhunun şad olduğunu deyib. Rektor müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman böyük ehtiram və sonsuz minnətdarlıq hissləri ilə anıldığını bildirib və Allahdan ona rəhmət diləyib.
Tarixi həqiqətlərin gənc nəsilə çatdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin MDU-da diqqət mərkəzində saxlanıldığını qeyd edən Ş,Bayramov konfransın əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. Konfransa MDU-nun “Humanitar fənlər” kafedrasının müəllimi Şəlalə Quliyeva moderatorluq edib.
MDU-nun akademik heyət üzvlərindən Mirzə Cavadov “Heydər Əliyev: adı Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış xilaskar lider”, Ruhiyyə Hüseynova “Heydər Əliyev milli iqtisadi dirçəliş konsepsiyasının müəllifidir”, Aygün Qədirova “44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin təməl tarixi”, Ülviyyə Verdiyeva “Təhsili ali kürsüyə qaldırmış dahi şəxsiyyət” və əməkdar müəllim Könül Aydın “Azərbaycan dilinin və ədəbiyyatının böyük hamisi: Heydər Əliyev” mövzusunda məruzələrlə çıxış ediblər.
Universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında təbliğ olunması diqqət mərkəzində saxlanılır.