2022-ci ilin 28 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Elm Günü”nə həsr edilmiş XIV elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən konfransda universitetin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Konfransın açılışında MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov və Mühəndislik fakültəsinin dekan əvəzi, dosent Almaz Əliyeva çıxış ediblər. Çıxışlarda son dövrdə universitetdə tələbələrin elmi fəaliyyətə marağının artması müsbət dəyərləndirilib və təhsilalanların tədqiqat bacarıqlarının inkişafı istiqamətində yaradılan imkanlardan bəhs edilib. “Elm günü” çərçivəsində universitetdə təşkil edilən tədbirlərdə fakültənin fəal təmsil olunduğunu qeyd edən A.Əliyeva elmi potensialın inkişafında tələbə elmi konfranslarının önəmini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Xəyal Kərimli “Nanotexnologiya və ətraf muhit”, Salatın Rəhimova “Data mining: Verilənlərin intellektual analizi texnologiyası”, Tural Kərimov “Osmotik-mavi enerji”, Ruhiyyə Məmmədova “İntellektual robotların vəziyyəti və inkişaf perspektivləri” və Qızbəs Ağayeva “Meşələrdən istifadənin ekoetik problemləri” mövzusunda çıxış ediblər.
Daha sonra, Nihad Xəlilov “DevOPs-un imkanları və perspektivləri”, Məhəmməd Cumayev “Mühafizə dronu”, Səbinə Cəfərova “Blokçeyn texnologiyasının ağıllı şəhərlərə tətbiqi”, Əsmər Əliyeva “Müəssisədə keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı məhsul istehsalının vacib amilidir” və Şəhanə Şakirqızı “IV Sənaye texnologiyası dövründə süni peyklərin rolu və inkişaf perspektivləri” mövzusunda məruzələrini təqdim ediblər.
Tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir. Bununla əlaqədar olaraq, “Elm günü” çərçivəsində MDU-da akademik heyət üzvləri və tələbələrin iştirakı ilə müxtəlif elmi tədbirlərin, o cümlədən konfranslar və seminarların keçirilməsinə xüsusi önəm verilir.