Mingəçevir Dövlət Universitetində “Qərbi Azərbaycan Tarixi” mövzusunda elmi seminar keçirilib

  • Post category:MDU xəbərləri

2025-ci il fevralın 19-da Mingəçevir Dövlət Universitetində “Qərbi Azərbaycan Tarixi” mövzusunda elmi seminar keçirilib. Tədbirdə Qərbi Azərbaycan icmasının Mingəçevir şəhəri üzrə nümayəndəsi, MDU-nun dosenti Mayıl İsmayılov, AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, İrəvan Türk Cümhuriyyətinin Millət Şurasının üzvü Qurban Vahidov və bir çox digər alim və mütəxəssislər iştirak edib.
Seminarın açılışında çıxış edən Mayıl İsmayılov Qərbi Azərbaycan tarixi və mədəniyyətinin qorunmasının vacibliyini vurğulayaraq, tarixdəki mühüm hadisələrin və qədim ərazilərin müasir gənclər üçün öyrənilməsinin əhəmiyyətini qeyd edib.
Seminarın əsas hissəsində müxtəlif mövzularda çıxışlar edilib. MDU-nun Təhsil fakültəsinin dekanı, dosent, t.ü.f.d. Nizami Zeynalov “Qərbi Azərbaycan ərazisində dövlətçilik tariximizə baxış: qədim zamanlardan orta əsrlərə qədər” adlı məruzəsində regionun dövlətçilik tarixinə dair geniş məlumat verib.
İrəvan Türk Cümhuriyyətinin Millət Şurasının üzvü Qurban Vahidov “Qərbi Azərbaycan: tarixi, mədəni və dini abidələri” mövzusunda təqdimat edib, regionda yerləşən abidələrin və onların əhəmiyyətinin vurğulanması lazım olduğunu bildirib.
AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov isə regiondakı dini abidələrin tarixi və dini əhəmiyyətini önə çəkib.
Seminarda Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Rüfət Abbasov “İrəvan xanlığının ruslar tərəfindən işğalı, yaxud gələcək faciələrin başlanğıcı” mövzusunda çıxış edib və tarixdəki faciəli hadisələrin müasir nəsillərə tədris edilməsinin vacibliyini vurğulayıb.
Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbin tarix müəllimi Nurəddin Həsənov isə “Azərbaycan xanlıqları: İrəvan xanlığı” mövzusunu müzakirə edib.
Seminarın sonunda MDU-nun tarix müəllimi İlham Məmmədov “Qərbi Azərbaycanda törədilən soyqırım və deportasiya” mövzusunda təqdimatını edərək, tarixi ədalətin bərpa edilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbir iştirakçılara dərin təsir bağışlayıb və Qərbi Azərbaycan tarixinin araşdırılmasına olan marağı daha da artırıb.