2022-ci ilin 30 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Rektorla söhbət” layihəsinə start verilib. Layihə çərçivəsində MDU-nun rektoru Şahin Bayramovun ilk görüşü universitetin magistrantları ilə keçirilib. Universitetin əsas tədris binasının həyətində baş tutan görüşdə 70-ə yaxın magistrant iştirak edib.
Magistrantları salamlayan Ş.Bayramov, əvvəlcə, universitetdə yeni reallaşdırılmağa başlanılan “Rektorla söhbət” layihəsinin əsas məqsədlərindən və gözləntilərindən danışıb. Layihə çərçivəsində MDU ailəsi üzvləri və regionun təhsil, elm, innovasiya və sahibkarlıq ekosisteminin müxtəlif nümayəndələri ilə davamlı olaraq görüşlərin keçiriləcəyini qeyd edən rektor başlıca məqsədin yeni dövrün universitetinin qurulması yolunda mövcud ehtiyacların və tələblərin öyrənilməsi olduğunu bildirib.
Magistratura səviyyəsində kadr hazırlığının universitetin elmi və akademik potensialının gücləndirilməsi baxımından önəmini diqqətə çatdıran Ş.Bayramov, ilk görüşün magistrantlarla keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. MDU-nun strateji hədəflərindən bəhs edən rektor universitetdə yeni yaradılan “Magistratura və Doktorantura Təhsil Mərkəzi”nin strukturunun təkmilləşdirilməsi, tədrisin və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən və gələcəkdə planlaşdırılan işlər barədə məlumat verib.
Sonra, görüş dialoq və müzakirə formatında davam edib. Görüşdə magistrantların tədqiqat və rəqəmsal bacarıqlarının, xarici dil biliklərinin inkişaf etdirilməsi, dissertasiya işlərinin tətbiqyönümlüyünün artırılması, ixtisaslar üzrə müasir trendlərin davamlı olaraq izlənilməsi, konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə, universitet idarəçiliyində və sosial fəaliyyətlərdə, eləcə də regionun ictimai həyatında aktivliyin yüksəldilməsi, qabaqcıl yerli və xarici tərəfdaş ali təhsil müəssisələrində doktoranturaya qəbulun dəstəklənməsi, mübadilə proqramlarında iştirak imkanlarının genişləndirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb, arzu və istəkləri dinlənilib.
Səmimi formatda keçirilən görüşün təşkilinə görə təşəkkürünü bildirən magistrantlar universitet rəhbərliyinin yeni təşəbbüsünü müsbət dəyərləndirib və layihənin işinə uğurlar arzulayıblar.
Sonda, cari ilin 29 mart tarixində MDU-da keçirilən magistrantların “Elm günü”nə həsr olunmuş IV elmi-nəzəri konfransında çıxış edən iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Rektorla söhbət” layihəsi MDU rəhbərliyinin universitet və cəmiyyətlə çevik kommunikasiyasının təmin edilməsi məqsədi daşıyır. Layihə çərçivəsində davamlı olaraq keçiriləcək görüşlər MDU-da strateji fəaliyyətlərin yeni çağırışlara uyğunlaşdırılması işinə xidmət edir.