2022-ci ilin 7 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Vətən müharibəsində şəhid olmuş Yasən Əhmədovun övladı Yelmar Əhmədov və şəhidin həyat yoldaşı Aygün Əhmədova ilə görüşüb.
44 günlük Zəfər yürüşündə qəhrəmancasına şəhid olan, qanı ilə tarix yazan şəhid Yasən Əhmədovun hər iki övladının MDU-nun tələbəsi olmasından qürur duyduğunu ifadə edən rektor Şahin Bayramov əzəli və əbədi torpaqlarımızı işğaldan azad edərək xalqımıza bu qüruru yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
MDU-nun “Kompüter mühəndisliyi” ixtisasına qəbul olan Y.Əhmədovu təbrik edən Ş.Bayramov onun bu uğurunda pay sahibi olan valideyninə və müəllimlərinə minnətdarlığını bildirib.
MDU-nun tələbəsi olaraq Y.Əhmədovu gələcəkdə maraqlı və məzmunlu tələbə həyatının gözlədiyini vurğulayan Ş.Bayramov son dövrdə universitetin tələbə gənclərinin idarəçilikdə, könüllülük və digər sosial fəaliyyətlərdə aktivliyindən və qazandıqları uğurlardan bəhs edib. MDU-da yaradılan əlverişli təhsil mühitindən gənclərin maksimum faydalanacaqlarına əminliyini bildirən rektor MDU ailəsinin yeni üzvü olan Yelmara uğurlar arzulayıb.
Ali təhsil almaq üçün MDU-nu seçən gəncin atasının arzusunu yerinə yetirdiyini bildirən Yelmarın anası A.Əhmədova dövlətimizin şəhid ailələrinə və təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan məmnunluğunu bildirib. Övladlarının hər ikisinin yüksək ixtisaslı mütəxəssis və layiqli vətəndaş kimi yetişəcəyinə əminliyini ifadə edən A.Əhmədova MDU-nun sürətlə müasirləşdiyini diqqətə çatdırıb.
Hazırda MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində baş verən müsbət dəyişiklikləri izlədiyini bildirən Y.Əhmədov öz üzərinə düşən məsuliyyəti dərk etdiyini bildirib və ona göstərilən etimadı doğruldacağına söz verib.
Qeyd edək ki, şəhid Yasən Əhmədovun digər övladı Yunis Əhmədov MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin “Maliyyə” ixtisası üzrə III kursda təhsilini davam etdirir.
Qeyd edək ki, MDU-da şəhid ailələrindən olan tələbələrə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət göstərilir.