2022-ci ilin 22 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Fizika və ekologiya” kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” tələbə elmi dərnəyinin təşkilatçılığı ilə Ümumdünya Yer Kürəsi Gününə həsr olunmuş “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda elmi-praktik seminarı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev Ümumdünya Yer Kürəsi Gününün qeyd edilməsində əsas məqsədin cəmiyyətin və insanların diqqətinin Yerin və onun ekosisteminin problemlərinə cəlb edilməsi olduğunu qeyd edib və seminarın mövzusunun aktuallığını vurğulayıb.
Seminarın moderatoru, “Ekologiya” tələbə elmi dərnəyinin rəhbəri Gülmirə Məmmədova tədbirin proqramı haqqında ətraflı məlumat verdikdən sonra məruzələr dinlənilib.
MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Məleykə Həziyeva “Sənaye sahələrinin bərk tullantılarının yaratdığı ekoloji problemlər”, Leyla Əlizadə “Kənd təsərrüfatı, qida sənayesi tullantılarının emalı və utilizasiyası”, Leyla Şükürova “Bərk məişət tullantılarının yeni poliqonlarda idarə olunması”, Ziyad Yusifzadə “Azərbaycanda bərk məişət tullantılarının təkrar emalı sahəsində görülən işlər”, Səma Mustafayeva “Beynəlxalq miqyasda tullantı biznesinin pərdə arxası” və Fatma Mirzəzadə “Azad olunmuş ərazilərdə tullantıların idarə olunması” mövzularında məruzələrlə çıxış ediblər.
Maraqla qarşılanan məruzələr seminar iştirakçılarının geniş müzakirəsinə səbəb olub və mövzu ilə bağlı verilən çoxsaylı suallar ətraflı şəkildə cavablandırılıb.
Qeyd edək ki, dünyada hər il 22 aprel tarixi Ümumdünya Yer Kürəsi Günü kimi qeyd olunur. Ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə MDU-da ekoloji təhsilin inkişaf etdirilməsinə və gənclər arasında ekoloji maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.