Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları Oğuz rayonunun Kərimli kənd tam orta məktəbində abituriyentlərlə təbliğat-təşviqat işləri çərçivəsində görüş keçiriblər. Görüşdə universitetin müxtəlif sahələrində çalışan mütəxəssislər iştirak ediblər.
Tədbirdə MDU-nun Daxili Nəzarət şöbəsinin müdiri Elçin Əliyev, İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva, Fizika və Ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova və Biznes və Menecment kafedrasının müəllimi Saqib Məmmədov iştirak edərək, abituriyentlərə universitetin təklif etdiyi ixtisaslar, professor-müəllim heyəti və tədris prosesi haqqında ətraflı məlumat veriblər.
Görüş zamanı universitetin beynəlxalq əlaqələri, yerli və xarici tərəfdaşlarla əməkdaşlıq, müasir laboratoriyalar, tələbə klubları və dərnəkləri, müxtəlif tədqiqat mərkəzləri, kitabxana və idman sahələri barədə də geniş təqdimatlar aparılıb. Abituriyentlərə universitetin tələbələrə təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilərək, onların sualları cavablandırılıb.
Tədbirdə abituriyentlərin fikir və təklifləri dinlənilib, bu cür görüşlərin universitetin gələcək abituriyentləri ilə daha sıx əlaqələr qurulmasına töhfə verəcəyinə inam ifadə edilib.
Mingəçevir Dövlət Universiteti abituriyentlərin daha yaxşı məlumatlanması və təhsil imkanlarından faydalanmaları üçün belə görüşləri davam etdirəcəyini bildirib.