Mingəçevir Dövlət Universitetinin əməkdaşları təbliğat və təşviqat işləri ilə bağlı Zərdab rayonunda abituriyentlərlə görüş keçiriblər

13 mart 2025-ci il tarixdə Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (MARTİ) arasında 03 fevral 2025-ci il tarixində bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində fəaliyyət planına uyğun olaraq Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılov, Riyaziyyat kafedrasının müdiri, r.f.d. Rövşən Babayev, Humanitar fənlər kafedrasının baş müəllimləri, f.f.d. Günel Yunusova və f.f.d. Səadət Ağakişiyeva Zərdab rayonunun aparıcı məktəbi olan 1 nömrəli məktəb-liseydə, Zərdab rayonunun üç orta məktəbinin də buraxılış sinif şagirdləri ilə təbliğat və təşviqat işləri ilə bağlı görüş keçiriblər. Görüşdə MARTİ Zərdab rayonu təhsil sektorunun əməkdaşı, MDU məzunu Hörmətli Ülvi Səfərəliyev, H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin direktoru Hörmətli Vüsalə Kərimova iştirak etmişdir.
Görüşün əsas məqsədi Zərdablı abituriyentlərə Mingəçevir Dövlət Universitetinin təklif etdiyi təhsil imkanları və universitet həyatı barədə məlumat vermək olub. Tədbirdə universitetin uğurları, tədris proqramları, elmi tədqiqat işləri, elmi potensialı və tələbə həyatı ilə bağlı ətraflı təqdimatlar edilib.
Dosent Mahir İsmayılov abituriyentlərə qarşıdakı dönəmdə uğur qazanıb daxil olduğu ali təhsil həyatında qarşılaşacaqları yeniliklər və bu dönəmdə qazandıqları biliklərin mükəmməlləşdirilməsi yolları haqqında məsləhətlər verərək, Mingəçevir Dövlət Universitetinin ölkənin qabaqcıl təhsil müəssisələrindən biri olduğunu eyni zamanda Aran İqtisadi rayonunda yeganə ali təhsil məkanı olduğunu, ali məktəb ilə orta məktəb arasındakı qarşılıqlı əlaqələrin regionda təhsilin keyfiyyətini artırmaq və gənclərin təhsilinə dəstək vermək məqsədini daşıdığını qeyd etmişdir. Dosent Rövşən Babayev isə universitetin peşəkar kadr hazırlığı sahəsindəki uğurları barədə danışıb, təhsil alanların müvəffəqiyyətli karyera qurmaq imkanlarından bəhs edib. MDU-nun əməkdaşları f.f.d. Günel Yunusova və f.f.d. Səadət Ağakişiyeva Universitetin strukturları, Beynəlxalq əməkdaşlıqları, tələbəyönümlü işləri və qarşıdakı hədəfləri haqqında təqdimatla çıxış ediblər.
Görüşdə fəallığı ilə seçilən abituriyentləriin suallar cavablandırılıb, MDU-da olan ixtisaslar haqqında daha geniş məlumat verilib. Tədbirin sonunda Mingəçevir Dövlət Universiteti haqqında məlumat materialları təqdim olunub və abituriyentlərə gələcəkdə ali təhsil almaq üçün motivasiya verilib.