Mingəçevir Dövlət Universitetinin əməkdaşları tələbə qəbulu üçün təbliğat-təşviqat kampaniyasını davam etdirir

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev və Humanitar fənlər kafedrasının müəllimi Ceyran Vəliyeva Mingəçevir şəhər Səməd Vurğun adına 16 saylı tam orta məktəbin direktoru Aygün Quliyeva ilə birlikdə məktəbin akt zalında müəllim və şagird heyəti ilə görüş keçiriblər.

Təbliğat-təşviqat qrupunun üzvləri Nazim Niftəliyev və Ceyran Vəliyevanı 16 saylı tam orta məktəbdə təcrübə keçən MDU-nun IV kurs T21.1 və T21.2 qruplarının tələbələri, təcrübə rəhbəri və universitetdə təhsil alan digər tələbələr müşayiət ediblər. Görüşün əsas məqsədi məktəblilərə MDU haqqında geniş məlumat vermək və tələbə qəbuluna dair məlumatları çatdırmaq olub.

Nazim Niftəliyev MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalovun salamlarını şagirdlərə çatdıraraq məktəb rəhbərliyinə görüşün təşkilinə görə təşəkkürünü bildirib. O, universitetin vizyonu, məqsədləri və son illər ərzində əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. MDU-nun regionda aparıcı universitetlərdən biri olması yolunda atılan addımlar, fakültələr, ixtisaslar, mövcud müasir kampus və tələbə həyatı haqqında da məlumatlar verilib.

Görüşdə universitetin təhsil haqları, milli və beynəlxalq təqaüdlər, müəllim-tələbə mübadiləsi həyata keçirilən layihələr və universitetin tərəfdaşlıq etdiyi yerli və beynəlxalq qurumlar barədə də şagirdlərin sualları cavablandırılıb. Təqdimatdan sonra təcrübə keçən tələbələr universitet həyatından, tədrisin keyfiyyətindən və imtahanların obyektiv keçirilməsindən danışaraq şagirdlərlə təcrübələrini bölüşüblər.
Görüşün sonunda MDU haqqında məlumatların yer aldığı bukletlər şagirdlərə təqdim edilib, onlara maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün tələbə qəbulunun mütəşəkkil təşkili və təbliğat-təşviqat işlərinin vaxtında aparılması məqsədilə universitet rəhbərliyi tərəfindən təbliğat-təşviqat qrupu yaradılıb. Qruplar Mingəçevir şəhəri və digər regionların ümumtəhsil məktəbləri ilə yanaşı, kolleclərdə də təhsil müəssisələrinin müəllim və buraxılış tələbə kontingenti ilə görüşlər keçirərək bu işləri həyata keçirirlər.
Mingəçevir Dövlət Universiteti təhsil sahəsində əldə etdiyi uğurlarla ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olmaqda davam edir və tələbə qəbulunun təşkili sahəsindəki səylərini daha da artıracaq.