2022-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) qardaş Türkiyənin tərəfdaş ali təhsil müəssisələrindən olan Qazi Universitetinə və İstanbul Gedik Universitetinə (İGÜN) təlim və təcrübəyə göndərilən universitetin akademik və inzibati heyət üzvləri ilə görüş keçirilib.
Görüşdə qardaş ölkənin nüfuzlu ali təhsil müəssisələrində təlim və təcrübə ilə bağlı elan edilmiş müsabiqədən uğurla keçən əməkdaşları təbrik edən rektor Şahin Bayramov beynəlxalq əməkdaşlıq çərçivəsində MDU tarixində ilk dəfə reallaşdırılan bu təşəbbüsün əhəmiyyətindən danışıb.
MDU-nun strateji hədəflərindən bəhs edən Ş.Bayramov akademik və inzibati heyətin potensialının inkişafı, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlarının artırılması məqsədilə reallaşdırılmağa başlanılan sözügedən təlim və təcrübənin yeni dövrün universitetinə çevrilmək yolunda geniş imkanlar yaradacağını vurğulayıb.
Əvvəlcə, sənaye ilə birgə fəaliyyət modelinə sahib yenilikçi universitetlərdən olan İGÜN-də keçiriləcək bir həftəlik təlim və təcrübədən gözləntilətini diqqətə çatdıran rektor çevik, qarşılıqlı faydalı və məhsuldar universitet-sənaye işbirliyinin yaradılması və inkişaf etdirilməsi sahəsində müvafiq təcrübələrin öyrənilməsini başlıca vəzifə kimi qarşıya qoyub.
Daha sonra, qabaqcıl tərəfdaş ali təhsil müəssisələrindən olan Qazi Universitetində bir aylıq təlim və təcrübə keçəcək digər heyətə tövsiyələrini bildirən Ş.Bayramov universitet və kampus idarəçiliyi, tədris, elm, xarici əlaqələr və beynəlxalq proqramlarda iştirak, sənaye ilə işbirliyi, startap fəaliyyəti, tələbələrlə iş, karyera planlaşdırılması və digər sahələrdə qardaş ölkənin təcrübəsi ilə yaxından tanış olmağın vacibliyini diqqətə çatdırıb.
Əməkdaşları yaradılan imkanlardan maksimum faydalanmağa çağıran rektor yaxın günlərdə təlim və təcrübə məqsədilə Türkiyəyə yola düşəcək universitet heyətinə uğurlar arzulayıb.
Son dövrdə universitetin modernləşməsi istiqamətində mühüm dəyişikliklərin baş verdiyini qeyd edən görüş iştirakçıları sözügedən təlim və təcrübəni MDU-nun həyatında növbəti uğurlu yenilik kimi dəyərləndirib və göstərilən dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Bildirilib ki, MDU əməkdaşlarının elmi, akademik və idarəetmə potensialının gücləndirilməsi məqsədilə Türkiyəyə təlim və təcrübəyə göndərilməsi qardaş ölkənin tərəfdaş universitetləri ilə işbirliyi çərçivəsində həyata keçirilir. Təlim və təcrübədə iştirak müsabiqə yolu ilə həyata keçirilir. Cari ilin yanvar ayında keçirilmiş müsabiqənin nəticələrinə əsasən MDU-nun 3 əməkdaşı İGÜN-də bir həftə, 5 əməkdaşı isə Qazi Universitetində bir ay müddətində təlim və təcrübədə iştirak hüququ qazanıb. Əməkdaşlar qardaş ölkənin sözügedən ali təhsil müəssisələrinin təcrübəsi ilə yaxından tanış olmaqla, dərs və elmi-tədqiqat proseslərində iştirak etməklə kadrların təkmilləşdirilməsi imkanlarından faydalanacaqlar.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da bütün istiqamətlər üzrə universitet fəaliyyətinin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi məqsədilə qabaqcıl xarici ali təhsil müəssisələrinin təcrübəsinin öyrənilməsinə xüsusi önəm verilir. 2021-ci ildən etibarən MDU-nun Qazi Universiteti və İGÜN ilə davam edən əməkdaşlıq əlaqələrində təcrübə mübadiləsi məqsədilə müxtəlif formatlı birgə fəaliyyətlərin həyata keçirilməsi əsas istiqamətlərdən biridir.