9 aprel 2025-ci ildə Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupu Yevlax rayonunun 3 nömrəli məktəbində buraxılış siniflərinin şagirdləri ilə görüş keçirib. Tədbir Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektoru komandasının təşkilatçılığı və Yevlax 3 nömrəli məktəbin ev sahibliyi ilə baş tutub.
İlk olaraq təbliğat-təşviqat qrupunun nümayəndələri Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova ilə görüşüblər. Daha sonra Mingəçevir Dövlət Universitetinin nümayəndələri şagirdlərlə görüşə keçərək, onlara universitetin təhsil imkanları və ixtisas seçimi ilə bağlı təqdimatlar və videomateriallar nümayiş etdiriblər.
Görüşdə MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov, Fizika və Ekologiya kafedrasının müəllimləri Elman Şirinov və Şəbnəm İslamova, Psixologiya və Pedaqogika kafedrasının müəllimi Aydın Kərimov da iştirak edərək şagirdlərlə psixoloji söhbətlər aparıblar. Tədbirdə həmçinin Mingəçevir Dövlət Universitetinin tədris prosesi, təhsil imkanları, elmi tədqiqatlar və müasir kampus haqqında ətraflı məlumat verilib.
MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalovun salamları iştirakçılara çatdırılıb və universitetin gələcək planları barədə şagirdlərə geniş məlumat verilib. Görüşdə təqdimatlar və videomateriallar vasitəsilə universitetin təhsil imkanları, ixtisas seçimi və gələcək təhsil planları barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda şagirdlərə Mingəçevir Dövlət Universitetinin təhsil imkanlarını əks etdirən bukletlər təqdim edilib, onların əlaqə məlumatları götürülüb və sualları cavablandırılıb. Görüşün əsas məqsədi şagirdlərdə MDU-da təhsil almağa maraq oyatmaq və universitetin müasir təhsil infrastrukturu ilə tanış etmək olub.