Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

 

2021-ci ilin 3 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.

Görüşdə rektor, ilk növbədə, cari tədris ilinin yaz semestrinin uğurla başa çatması münasibətilə MDU-nun tələbə və müəllim kollektivini təbrik edib, imtahan sessiyasında onlara uğurlar arzulayıb.

Mövcud şəraitdə imtahan sessiyası çərçivəsində təhsilalanlar ilə çevik onlayn kommunikasiya vasitələrindən biri kimi “Açıq qapı” günlərinin keçirilməsinin müsbət ənənəyə çevrildiyini bildirən rektor əsas məqsədin tələbələrin istəklərini, problemlərini və təkliflərini öyrənmək, onlara müvafiq qaydada dəstək göstərmək olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Təhsil nazirinin “2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 08 may 2021-ci il tarixli müvafiq əmrinin tələbləri əsasında cari imtahan sessiyasının təşkil ediləcəyini vurğulayan Ş.Bayramov bununla bağlı MDU-nun hər bir struktur bölməsinə verilən konkret tapşırıqlardan, aparılan dəqiq funksional iş bölgüsündən və atılan konkret addımlardan bəhs edib.

İmtahanların 2021-ci ilin 3 iyun – 5 iyul tarixlərində Microsoft Teams” platforması üzərindən məsafədən təşkil ediləcəyini qeyd edən rektor tələbələrin aralıq qiymətləndirilməsinin hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında şifahi imtahan yolu ilə həyata keçiriləcəyini diqqətə çatdırıb.

Cari imtahan sessiyasında baş tutacaq 700-ə yaxın imtahanda 2000-dən çox tələbə və magistrantın iştirak edəcəyi haqqında məlumat verən Ş.Bayramov bununla bağlı bütün texniki və təşkilati işlərin vaxtında görüldüyünü, tələbələrin cari qiymətləndirilməsinin yekunlaşdırıldığını, imtahan cədvəllərinin təsdiq edildiyini, imtahan sualları və onların qısaldılmış cavablarının elektron formada tələbələrə çatdırıldığını qeyd edib.

İmtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsinin təmin edilməsi, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrın dərhаl аrаdаn qаldırılması və digər müvаfiq tədbirlərin həyаtа kеçirilməsi məsələlərindən danışan rektor bu məqsədlə MDU-da “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradıldığını, eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in fəaliyyət göstərəcəyini bildirib.

Səmimi ortamda keçən görüşdə pandemiya dövrünün tələblərinə uyğun olaraq universitetdə tədrisin məsafədən təşkilindən və imtahan sessiyasına hazırlıq işlərindən razılıq ifadə edilib.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 5 iyul tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub.

{phocagallery view=category|categoryid=619|limitstart=0|limitcount=0}