Mingəçevir Dövlət Universiteti Amasiya Universitetində təşkil edilən
IV Beynəlxalq Mir Həmzə Nigari Simpoziumunda təmsil olundu
25-27 oktyabr 2018-ci il tarixdə Amasiya Universiteti, ADPU (Azərbaycan Dövlət Pedaqoji Universiteti) və onun Şamaxı filialı, AÜSSAM (Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və AZERDER (Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi) tərəfindən Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində IV Beynəlxalq Həmzə Nigari Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri simpoziumu keçirilib.
Qeyd edək ki, Anadolunun gözəl bir şəhəri olan Amasiya tarixən bu torpaqlarda hökm sürmüş dövlətlər üçün strateji əhəmiyyət kəsb edilibdir. Buna görə də Amasiya Anadoluda özünə yer etmək istəyən dövlətlərin ən çox maraq göstərdiyi şəhərlərdən hesab edilirdi. Tarixin Amasyaya bəxş etdiyi bu köklü və rəngli miras bir çox tədqiqatçılar tərəfindən araşdırılmış və müxtəlif dövrlərdə, müxtəlif əlifbalarla və müxtəlif dillərdə əsərlər meydana gəlmişdir. Amasiyanın yerləşdiyi ərazilərdə tarixən almaz mədənləri olub və kəlmə dilə asan uyğunlaşsın deyə bu şəhərə “Amasiya” adı verilibdir. Şahzadələr taxta çıxmazdan əvvəl təcrübə keçmək üçün bu şəhərə göndəriliblər ona görə bu şəhərə “Şahzadələr şəhəri” də deyilir.
Simpoziumun məhz Amasiyada və Seyyid Mir Həmzə Nigariyə həsr edilməsinin məqsədi vardı. Belə ki, 1797-ci ildə Azərbaycanın Qarabağ bölgəsində dünyaya gəlmiş Seyyid Mir Həmzə Nigari və onun müəllimi İsmayıl Şirvani nəinki, Amasyanın eyni zamanda, bütün Anadolunun mənəvi xəzinələrindən hesab edilirlər.
Simpoziumda Türkiyənin Amasiya Universiteti, Konya Nəcməddin Ərbakan Universiteti, İstanbul Universiteti, Bursa Uludağ Universiteti, Çorum Hitit Universiteti, İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Təhsil İnstitutu, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, MİRAS İctimai Birliyi, İtaliya Beynəlxalq Yokoku Assossasiyası, Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram teatrı, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu, İran Aşıqlar Birliyini təmsil edən alimlər, tədqiqatçılar iştirak edib və məruzələrlə çıxış ediblər.
Mingəçevir Dövlət Universitetindən üç nəfər – pedagogika üzrə fəlsəfə doktoru, dosent Zenfira Əzizova “Milli kimliyin formalaşdırılmasında dil amili”, filologiya üzrə fəlsəfə doktoru, dosent Namazova “İlyas Əfəndiyevin yaradıcılığında sözün gücü”, filologiya üzrə fəlsəfə doktoru Rahilə Məmmədova “Dil mədəniyyəti cəmiyyətin varlığı, onun inkişafı üçün bir vasitədir” mövzularında simpoziumda məruzələrlə çıxış edərək sertfikatlar alıblar. Üç gün davam edən simpoziumda həmyerlimiz dosent Zenfira Əzizova bölmə iclaslarından birinə sədrlik etmişdir.
Simpoziumun yekun iclasında V Beynəlxalq Həmzə Nigari Simpoziumunun Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcəyi elan olunmuşdur.
Qeyd edək ki, Azərbaycandan gedən nümayəndə heyəti əvvəlcə Gürcüstanda, sonra Türkiyədə tarixi yerlərdə o cümlədən, Rizə qalasında, Trabzonda Ayasofya məscidində, Atatürkün Trabzona ziyarəti zamanı qaldığı köşkü (dörd mərtəbəli bu köşk Trabzonun Soyuqsu semtində Trabzonlu bir iş adamı tərəfindən 1890-cı ildə tikilmiş və 18.05.1931-ci il tarixdə Trabzon əhalisi adından Atatürkə ərmağan edilmişdir), Mirhəmzə Nigarinin yaşadığı məkanlarda və sair maraqlı və görməli yerləri ziyarət ediblər.
{phocagallery view=category|categoryid=74|limitstart=0|limitcount=0}