2021-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) “Erasmus+” proqramı çərçivəsində qalib elan edilmiş “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) adlı layihənin açılış tədbirində təmsil olunub.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə layihənin koordinatoru qismində Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti, benefisiarları qismində Azərbaycan, Qazaxıstan və Türkmənistanı təmsil edən ali təhsil müəssisələri və müvafiq təşkilatlar, eləcə də Almaniya, Niderland, Litva və Rumıniya universitetlərinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları təqdimat xarakterli çıxışlarında təmsil etdikləri müəssisə və layihənin həyata keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş işlər haqqında ətraflı məlumat veriblər.
Strateji baxımdan Xəzər ekosisteminin yaxşılaşdırılmasına hədəflənən və 2020-2023-cü illəri əhatə edən layihənin əsas məqsədi ekologiya, sahil mühəndisliyi və idarəetmə sahəsində mütəxəssis hazırlığının dəstəklənməsindən ibarətdir.
Qeyd edək ki, hazırda MDU-da “Erasmus+” proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində fəal iştiraka xüsusi diqqət yetirilir.