Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq uğurla davam edir
2021-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında birgə layihə çərçivəsində növbəti qarşılıqlı mühazirələr keçirilib.
“ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirələrdə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsini təmsil edən tələbə və magistrantlar, eləcə də akademik və inzibati heyət üzvləri iştirak edib.
Giriş sözündə, ilk növbədə, MDU-nun rektoru Şahin Bayramovun salamlarını iştirakçılara çatdıran rektorun müşaviri Hamiz Mahmudov AHBVU ilə MDU arasında işbirliyinin uğurla davam etdiyini vurğulayıb. Yaxın günlərdə AHBVU ilə birgə reallaşdırılması nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən bəhs edən H.Mahmudov qarşılıqlı faydalı əməkdaşlığın inkişafında dəstəyinə görə hər iki universitetin rəhbərliyinə, akademik və inzibati heyət üzvlərinə təşəkkürünü bildirib.
Sonra, mühazirələrə start verilib.
Birinci mühazirəçi, AHBVU Turizm fakültəsinin professoru Ramazan Pars Şahbaz “Turizm siyasəti və planlaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə turizmin dayanıqlı və idarə olunan şəkildə inkişafı baxımından zəruri olan turizm siyasətinin mahiyyəti, əsas xüsusiyyətləri, başlıca hədəfləri və amillər sistemindən bəhs edilib, turizm planlaşdırılması və onun tərkib elementləri izah olunub. Müxtəlif tarixi dövrlər üzrə Türkiyədə həyata keçirilən turizm siyasətinin inkişaf istiqamətlərindən və tətbiq edilən təşviq mexanizmlərindən danışan məruzəçi “Türkiyənin turizm strategiyası 2023” sənədində qarşıya qoyulmuş hədəflər haqqında ətraflı məlumat verib.
İkinci mühazirəçi, MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Aysel Qocayeva “Azərbaycanın dayanıqlı inkişafında yaşıl turizmin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda turizmin inkişaf strategiyasından və qanunvericilik bazasının təkmilləşdirilməsindən söhbət açılıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində növbəti onillikdə beş milli prioritetdən biri olaraq təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinin reallaşdırılmasının nəzərdə tutulduğunu qeyd edən məruzəçi respublikamızda kənd, ekoloji turizmin mövcud potensialından və inkişaf perspektivlərindən bəhs edib.
MDU-nun tələbə və akademik heyəti tərəfindən maraqla qarşılanan mühazirələrdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Pandemiya şəraitində çevik və səmərəli turizm siyasətinin həyata keçirilməsində qardaş ölkənin təcrübəsi, dinamik dəyişən əmək bazarının tələblərinə uyğun olaraq turizm sahəsi üzrə yüksəkixtisaslı kadrların hazırlanması məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, MDU və AHBVU arasında birgə reallaşdırılan layihə çərçivəsində ilk mühazirə dərsləri 2021-ci ilin 29 aprel tarixində keçirilib. AHBVÜ Turizm fakültəsinin dosenti Yalçın Arslantürk “Turizmdə yeni tendensiyalar” mövzusunda, MDU-nin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Cəlil Bağırov “Azərbaycanda turizm və rekreasiya imkanları” mövzusunda mühazirələr oxuyublar.
{phocagallery view=category|categoryid=603|limitstart=0|limitcount=0}