Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir Tekstil MMC
əməkdaşlığı tədris prosesində genişlənir
Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Belə sənaye parklarından biri də Mingəçevir Sənaye Parkıdır. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək üçün ardıcıl tədbirlər görülür.
Bununla bağlı MSP-də Mingəçevir Dövlət Universitet ilə iki qurumun rəhbərləri arasında keçirilən görüşdə universitet mütəxəssis hazırlığı profilinə uyğun sahələrdə fəaliyyət göstərən sənaye müəssisələri ilə əməkdaşlıqda həmişə maraqlı olduğunu bildirib. Məqsəd müəssisələri kadr hazırlığı prosesində iştiraka cəlb etməklə onların tələblərinə uyğun məzunlar hazırlamaqdır. Bu görüşdən sonra Mingəçevir Dövlət Universitetilə Mingəçevir Sənaye Parkında işgüzar fəaliyyət davamlı olmağa başlayıb. Tələbələrin müəssisədə sənaye sahəsi ilə yaxından tanış olması, müəssisə əməkdaşlarının isə təhsil ocağında. auditoriyada görüşləri, master klas dərslərinin keçirilməsi mütəmadi olaraq davam edir.
Belə tədbirlərdən biri də “Qeyri-neft sənayesinin iqtisadiyyatı” fənnində baş tutub. “Qeyri-neft sənayesinin innovasiyalar əsasında inkişafı” mövzusunda fənn müəllimi “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi Təranə Əliyeva sənayenin innovasiyalar əsasında inkişafını təmin edən imkanların formalaşmasının zəruriliyini açıqlayıb. Respublikada istehsal sahibkarlığının dəstəklənməsi üzrə dünya təcrübəsində müvəffəqiyyətlə tətbiq edilən təşkilati modellərin və sənaye texnoparklarının yaradılması haqqında məlumat verib.
Dərsin ikinci fazasında “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent Emiliya Hüseynovanın dəvətilə tədris prosesində iştirak edən Mingəçevir Sənaye Parkı “Mingəçevir Tekstil” MMC-nin Pambıq İplik Fabrikinin istehsalat müdiri Hüseyn Həşimovla görüş təşkil olunub.
Hüseyn Həşimov tələbələrə müəssisənin yaranması, onun gələcək perspektiv imkanları, dünya bazarında istehsal etdiyi məhsulların keyfiyyət reytinqi və istehsal prosesləri barədə geniş məlumat verib. H.Həşimov video çarxla hazırda işləyən iki fabrikdə pambığın ilkin emalı və ardıcıllığa uyğun son məhsul olan pambıq sapların istehsalının mexanizmindən bəhs edib. Sonra Hüseyn Həşimov tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırıb.
“Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent Emiliya Hüseynova öz növbəsində Sənaye Parkının rəhbərliyinə və Hüseyn Həşimova tədris proseində yaxından iştirakına və istehsalat prosesi haqqında tələbələrə verdiyi bilgilərə görə ona öz adından və universitet rəhbərliyi adından təşəkkürünü bildirib.
Qeyd edək ki, tədris prosesində “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent Emiliya Hüseynova, dekan müavini Nazim Niftəliyev, tyutor İlhamə Məmmədova, kafedranın müəllimləri Zaur Rəsulov, Arifə Nəsibova, Günel Əliyeva, Nuran Cəfərov və Təranə Süleymanova iştirak ediblər.
{phocagallery view=category|categoryid=289|limitstart=0|limitcount=0}