Mingəçevir Dövlət Universiteti Litvanın Mikolas Romeris Universiteti ilə
əməkdaşlıq edəcək
2020-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Litvanın Mikolas Romeris Universiteti (MRU) arasında əməkdaşlığın yaradılmasına dair görüş keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə MDU-nun rektoru Şahin Bayramov və MRU-nun rektoru İnga Zaleniene iştirak ediblər.
Görüşü açan MDU-nun rektoru iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafı sahəsində əldə olunmuş uğurlardan və xalqlarımız arasında mövcud olan dostluq münasibətlərindən bəhs edib. Ş.Bayramov cari ilin 27 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Litva Respublikasının Prezidenti cənab Qitanas Nauseda arasında videobağlantı formatında keçirilmiş görüş barədə məlumat verib. Rektor sözügedən görüşdə hər iki ölkənin lideri tərəfindən strateji tərəfdaşlığın əsas istiqamətləri sırasında təhsil sahəsinin də vurğulandığını diqqətə çatdırıb.
Daha sonra Ş.Bayramov MDU-nun tarixi, burada həyata keçirilən kadr hazırlığı istiqamətləri, universitetin qısamüddətli, ortamüddətli və uzunmüddətli dövrlər üzrə strateji hədəfləri barədə ətraflı məlumat verib. Rektor MRU-nun Litvanın və Avropa İttifaqının sürətlə inkişaf edən ali təhsil müəssisələrindən biri olduğunu və bu universitetlə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə çıxış edən MRU-nun rektoru İnga Zaleniene MDU ilə yaradılacaq işbirliyinin iki ölkə arasındakı humanitar əməkdaşlığa töhvə verəcəyinə əminliyini ifadə edib və Azərbaycanın digər universitetləri ilə bu vaxta qədər reallaşdırılmış uğurlu layihələrdən bəhs edib. Rektor 30 illik yubileyini qeyd etdikləri MRU-nun keçdiyi inkişaf yolu, hazırda universitetdə 59 ölkədən altı mindən artıq tələbənin təhsil alması, bakalvriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil proqramları və həyata keçirilən elmi tədqiqatlar barədə ətraflı məlumat verib.
Daha sonra İ.Zaleniene son dövrlərdə MRU-nun dünya universitetlərinin beynəlxalq reytinq siyahalırandakı mövqeyinin yaxşılaşması istiqamətində əldə olunmuş uğurlar, Avropa və Asiyanın aparıcı ali təhsil müəssisələri ilə birgə həyata keçirilən ortaq tədris proqramları, innovasiyaların təşviqi və universitet idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən işlər haqqında danışıb.
Görüşdə iki universitet arasında tələbə və müəllim mübadiləsi, Avropa İttifaqının Erasmus+ və HORİZON2020 proqramlarında birgə iştirak, birgə elmi tədqiqatların aparılması və elmi jurnallarda nəşr imkanları, ortaq elmi konfransların və yay məktəblərinin keçirilməsi, gələcəkdə ikili diplom proqramlarının yaradılması üçün geniş imkanların olduğu bildirilib.
İclasın sonunda hər iki universitetin beynəlxalq əməkdaşlıq ofislərinin rəhbələrindən ibarət ortaq İşçi Qrupunun yaradılması qərara alınıb. İşçi Qrupuna müvafiq birgə təhlillər aparmaqla cari ilin 1 oktyabr tarixinədək 2020/2021-ci tədris ilində MDU və MRU arasında reallaşdırılacaq konkret tədbirləri özündə əks etdirən İş Planı hazırlanması tapşırılıb.
Qarşılıqlı faydalı və məhsuldar müzakirələrin aparıldığı görüşdə hər iki universitetin müvafiq struktur bölmələrini təmsil edən əməkdaşlar da iştirak ediblər.
{phocagallery view=category|categoryid=400|limitstart=0|limitcount=0}