Mingəçevir Dövlət Universiteti (MDU) kollektivinin və tələbələrinin nəzərinə!
Mingəçevir Dövlət Universitetinin rektorunun universitet kollektivinə və tələbələrinə müraciəti!
Hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!
Əziz tələbələr və magistrantlar!
Məlumunuz olduğu kimi, qlobal pandemiya ilə mübarizə istiqamətində dövlətimizin həyata keçirdiyi sistemli və ardıcıl tədbirlər artıq öz müsbət nəticələrini verir. Sevindirici haldır ki, bu sahədə ölkəmizdə tətbiq olunan model beynəlxalq ictimaiyyət tərəfindən nümunəvi hesab edilir. Həyata keçirilən bütün tədbirlər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınmasına və Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən ölkəmizdə xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il tarixinədək uzadılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2 may 2020-ci il tarixinədək ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması qərara alınmış, ilk tədris günü mayın 4-ü müəyyən edilmişdir.
Hörmətli MDU ailəsinin üzvləri!
Hər birinizi göstərilən tarixədək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməyə, evdə qalmaqla özünüzü və doğmalarınızı qorumaqda davam etməyə çağırırıq.
İnanırıq ki, MDU kollektivinin bütün üzvləri əvvəl olduğu kimi bu dövrdə də tədris prosesinin “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən, eləcə də “Videodərslər” vasitəsilə təşkilində fəal iştirak edəcəklər.
Tələbə və magistrantlarımızı hər üç metodla online və offline formatlarda keçirilən dərslərdən faydalanmaqda davam etməyə dəvət edirik.
Əminik ki, dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və xalqımızın göstərdiyi həmrəylik sayəsində tezliklə infeksiyaya qalib gələcəyik və hər birinizi universitetimizin auditoriyalarında salamlayacağıq.
Hörmətlə,
MDU-nun rektoru Şahin Bayramov