Mingəçevir Dövlət Universiteti payız imtahan sessiyasına tam hazırdır
Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb.
İmtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin “2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11 dekabr 2020-ci il tarixli müvafiq əmrinin tələbləri əsasında təşkil ediləcəkdir. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş 14 dekabr 2020-ci il tarixli müvafiq əmrdə hər bir struktur bölməsinə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə konkret addımların atılması nəzərdə tutulub.
MDU-da imtahan sessiyası 11 yanvar – 6 fevral 2021-ci il tarixlərində “Microsoft Teams” platforması üzərindən online (məsafədən) formada təşkil ediləcəkdir. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında şifahi imtahan yolu ilə həyata keçiriləcəkdir.
Cari imtahan sessiyasıda baş tutacaq 900-ə yaxın imtahanda 2600-dən çox tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları və həmin sualların qısaldılmış cavabları elektron formada tələbələrə çatdırılıb.
İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcəkdir.