Mingəçevir Dövlət Universiteti “Peşəkarla görüş” layihəsinə start verir
Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” adlı layihəyə start verilir. Layihə çərçivəsində işinin peşəkarı olan mütəxəssislər, alimlər və tanınmış şəxslər ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Davamlı olaraq keçiriləcək görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edəcəklər.
Layihənin məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Görüşlərə dəvət olunacaq qonaqların seçimi MDU-nun tələbə və müəllim kollektivinin rəyləri nəzərə alınmaqla həyata keçiriləcəkdir. Layihənin regionda yerləşən və müasirləşmə yolunda olan MDU-da yeni dövrün tələblərinə uyğun ali təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verməsi nəzərdə tutulur.
“Peşəkarla görüş” layihəsi çərçivəsində keçiriləcək ilk görüşün qonağı BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olacaqdır. “Gənclərin Karyera İnkişafı” mövzusunda keçiriləcək ilk görüş Microsoft Teams platforması üzərindən online formatda təşkil olunacaqdır.
2020-ci ilin 22 may tarixində saat 13:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər info@mdu.edu.az elektron poçt ünvanına müraciət göndərə bilərlər.