Mingəçevir Dövlət Universiteti “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” adlı beynəlxalq konfransa tərəfdaşlıq edib
Mingəçevir Dövlət Universiteti (MDU) 25-26 noyabr 2021-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100, ADPU Quba filialının 30 illiyinə həsr olunan “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi konfransın əsas tərəfdaşlarından biri olub. Konfransda Azərbaycan, Türkiyə, Qırğızıstan, Moldova və Şimali Kiprin ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və mərkəzlərinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nu rektor Şahin Bayramov və universitetin akademik heyət üzvləri təmsil ediblər.
Konfransın açılışında ADPU-nun rektoru Cəfər Cəfərov, Türkiyə Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Tiraspol Dövlət Universitetinin rektoru Eduard Koropseanu, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitunun baş direktoru Zakir Eminov, MDU-nun rektoru Şahin Bayramov, Qırğızıstan Təhsil Akademiyasının vitse-prezidenti Ulanbek Mambetakunov, ADPU-nun prorektoru Asəf Zamanov, Girne Amerikan Universitetinin departament direktoru Orhan Hasanoğlu, Bursa Uludağ Universitetinin Təhsil fakültəsinin dekanı Salih Çepni çıxış ediblər.
Açılış nitqində ADPU və onun Quba filialının kollektiv üzvlərinə yubiley təbriklərini çatdıran MDU-nun rektoru Ş.Bayramov Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə ADPU-nun 100 illik yubileyinin qeyd edilməsini ali təhsilin inkişafına dövlət qayğısının bariz nümunələrindən biri kimi dəyərləndirib.
Ölkəmizin təhsil tarixində xüsusi yeri olan ADPU-nun regionda yerləşən universitetlərlə fəal əməkdaşlıq etdiyini və onların potensialının gücləndirilməsinə dəstək göstərdiyini vurğulayan rektor paytaxtın bu qocaman ali təhsil müəssisəsinin MDU ilə qarşılıqlı faydalı işbirliyinə diqqəti çəkib.
Konfransın mövzusunun aktuallığından bəhs edən Ş.Bayramov həm regionların, həm də ali təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən hesab edildiyini, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Regionda yerləşən universitetlərin əsas məqsədinin yerləşdiyi regionun inkişaf trendlərinə uyğunlaşmaqdan və regionun hərtərəfli inkişafına töhfə verməkdən ibarət olduğunu bildirən rektor mütəxəssis kadrların hazırlığı, tədqiqat və innovasiya fəaliyyətlərilə bu tip ali təhsil müəssisələrinin regional inkişafın və ekosistemin əsas drayverinə çevrilmək imkanlarından və strateji hədəflərindən danışıb.
Regionda yerləşmə faktorunun üstünlükləri və çətinliklərindən söhbət açan Ş.Bayramov paytaxtdan kənarda müasir dövrün tələblərinə uyğun ali təhsil xidmətlərinin göstərilməsi ilə bağlı yerli və xarici ölkələrin təcrübələrinin öyrənilməsi və ortaq təşəbbüslərin irəli sürülməsi baxımından konfransın əhəmiyyətli platformaya çevriləcəyinə inandığını söyləyib.
MDU-ya konfransda əsas tərəfdaşlardan biri kimi təmsil olunmaq imkanının yaradılmasına görə təşəkkürünü bildirən rektor konfransın işinə uğurlar arzulayıb.
Konfransın “XXI əsrin ali təhsili: reallıqlar və çağırışlar” adlı bölmə iclasında MDU-nun akademik heyət üzvlərindən Nizami Zeynalov, Vüqar Mustafayev, Mahir İsmayılov, Səadət Şıxəliyeva, Pərvanə Səfərova, Şəbnəm İslamova və Leyla İsmayılzadə məruzələrlə çıxış ediblər. Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da regionda yerləşən ali təhsil müəssisələri ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır, akademik və elmi potensialın gücləndirilməsinə hədəflənən birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
{phocagallery view=category|categoryid=782|limitstart=0|limitcount=0}