Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan konfrans keçirilib
5 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans keçirilib. Konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov Zəfər Bayramı münasibətilə iştirakçıları təbrik edib və belə bir tarixi əlamətdar günə həsr olunmuş konfransın qardaş Türkiyə universiteti ilə birlikdə keçirilməsindən məmnunluğunu ifadə edib.
Otuz ilə yaxın bir müddətdə torpaqlarımızın erməni işğalı altında olmasından danışan Ş.Bayramov, nəhayət, ötən ilin sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində şanlı Zəfərin qazanılması ilə tarixi ədalətin bərpa olunduğunu qeyd edib. Əzəli torpaqlarımızın işğaldan azad olunmasında Vətənin igid övladlarının böyük şücaət göstərdiyini vurğulayan Ş.Bayramov tarixi Qələbənin əldə edilməsində mühüm pay sahibi olan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.
Türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamlarını səsləndirən rektor Azərbaycan-Türkiyə qardaşlığının rəmzi ifadəsinə çevrilən bu fikirlərin Vətən müharibəsi və ondan sonrakı dövrdə də bir daha təsdiqini tapmış olduğunu söyləyib, qardaş ölkənin mənəvi dəstəyinin önəmindən bəhs edib. Hazırda doğma Qarabağda gedən sürətli və hərtərəfli quruculuq işlərində Azərbaycan və Türkiyə şirkətlərinin bərabər çalışdığını diqqətə çatdıran Ş.Bayramov qardaşlıq münasibətlərinin uzun müddət erməni vandalizminə məruz qalmış əzəli yurdlarımızın tezliklə cənnətə çevrilməsi işinə də böyük töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan-Türkiyə qardaşlığının nümunələrindən biri kimi qymətləndirilə bilən universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın davamlı olmasını arzulayan rektor birgə konfransın keçirilməsində dəstəyi və əməyi olan hər iki ali təhsil müəssisəsinin əməkdaşlarına, məruzəçilərə və iştirakçılara təşəkkür edib.
Konfrans iştirakçılarını salamlayan AHBVU-nun Turizm fakültəsinin dekanı İrfan Yazıcıoğlu Qarabağ Zəfərinin qazanılmasının birinci ildönümü münasibətilə təbriklərini çatdırıb və otuz il davam edən işğala son qoyan şanlı Qələbənin əlamətdar və qürurverici hadisə olduğunu qeyd edib.
Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə dirçəliş dönəminin başlanmasından söhbət açan İ.Yazıcıoğlu Qarabağda həyata keçirilən sürətli abadlıq və quruculuq işlərindən danışıb, gözəl təbiətə, zəngin tarixi və mədəni abidələrə sahib Qarabağın turizm potensialı baxımından üstünlüklərini diqqətə çatdırıb.
Bölgədə Türkiyə – Azərbaycan işbirliyinin önəmindən danışan fakültə dekanı yeni turizm destinasiyası kimi Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən xüsusi plan və proqramların turizm fəaliyyətlərinin canlanmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
Gələcəkdə hər iki universitet arasında əməkdaşlıq çərçivəsində bu kimi mövzularda birgə fəaliyyətlərin həyata keçiriliməsinin vacibliyindən və əhəmiyyətindən danışan İ.Yazıcıoğlu konfrans iştirakçılarına uğurlar arzulayıb və təşkilatçılara təşəkkürünü bildirib.
Daha sonra, konfransın proqramına uyğun olaraq AHBVU-nun professoru Bilgehan Gülcan “Qlobal inkişaf işığında Türkiyə – Azərbaycan turizm münasibətləri: Qarabağ yeni bir turizm destinasiyası kimi”, MDU-nun akademik heyət üzvlərindən müəllim Aygün Qədirova “Qarabağ Zəfəri: Azərbaycan tarixi mirasına yenidən qovuşdu” və müəllim Mətanət Yusifova “Qarabağ Zəfərinin əldə edilməsində liderlik faktoru” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə MDU-da qardaş ölkənin tərəfdaş universitetləri ilə birlikdə silsilə tədbirlər keçirilir.
{phocagallery view=category|categoryid=747|limitstart=0|limitcount=0}