19 yanvar 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Şəhidlərin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin rektoru Şahin Bayramov Azərbaycan xalqının qalibiyyətlərlə dolu olan tarixində faciəvi günlərin də olduğunu təəssüflə qeyd edib. 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs edən rektor qanlı yanvar gecəsinin eyni zamanda qəhrəmanlıq tariximiz olduğunu diqqətə çatdırıb. Sovet tanklarının dinc və əliyalın insanların üzərinə yeridilməsini vurğulayan Ş.Bayramov Azərbaycan xalqının azadlıq arzusunu boğmaq məqsədilə həyata keçirilən bu amansız qətliamın əslində genosid olduğunu bildirib. 20 Yanvar faciəsinə tarixi və siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edən rektor ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Sonra, MDU-nun əməkdaşlarından baş müəllim Mətanət Yusifova “20 Yanvar 1990-cı il: Zəfərə aparan yolun başlanğıcı”, baş müəllim İlham Məmmədov “20 Yanvar hadisələrinin siyasi, tarixi və hüquqi aspektləri”, müəllim Səbinə Novruzova “20 Yanvar faciəsi milli ədəbiyyatımızda” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə 20 Yanvar faciəsinin səbəb və nəticələrindən, həmin dövrün ictimai-siyasi reallıqlarından, 20 Yanvar hadisələrinə Vətən müharibəsində əldə olunan tarixi zəfər kontekstində baxışdan və sözügedən faciəyə həsr olunan bədii ədəbiyyat nümunələrindən bəhs olunub.
Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş olunub.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində təşkil olunub.
Konfransdan əvvəl MDU-nun bir qrup əməkdaşı Mingəçevir şəhər Şəhidlər Xiyabanınında 20 Yanvar şəhidlərinin xatirə kompleksini ziyarət ediblər və abidənin önünə tər qərənfillər düzüblər.