2022-ci ilin 17-19 yanvar tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin milli qürur, şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda silsilə mühazirələr təşkil olunub.
Universitetin tələbə və magistrantlarının iştirakı ilə “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən mühazirələrdə Azərbaycan xalqına qarşı törədilmiş amansız qətliamın və tarixi cinayətin təfərrüatları barədə danışılıb.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərovanın moderatorluğu ilə üç gün davam edən mühazirələrdə qeyd olunan kafedranın müəllimləri Mirzə Cavadov, Mətanət Yusifova və İlham Məmədovun məruzələri dinlənilib.
Mühazirələrdə 20 Yanvar faciəsinin səbəbləri və əsas günahkarları, qətliamın mahiyyəti və acı nəticələri, Azərbaycan xalqına qarşı törədilmiş genosid aktına ümummilli lider Heydər Əliyev tərəfindən verilən siyasi və tarixi qiymət, müstəqillik yolunda canından keçən Şəhidlərin nümayiş etdirdiyi qəhrəmanlıq mübarizəsi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 20 yanvar Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə və ailə üzvlərinə göstərilən yüksək diqqət və qayğı haqqında ətraflı məlumat verilib.
Məruzələrdə 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin yaratdığı sonsuz qürur hissindən bəhs olunub, Şəhidlərimizin ruhunun şad olmasına əminlik ifadə olunub.
Tələbə və magistrantlar tərəfindən böyük maraqla qarşılanan mühazirələrdə geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, mühazirələr Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində təşkil olunub.