Mingəçevir Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş konfrans keçirilib
31 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “31 Mart faciəsi insanlığa qarşı soyqırım cinayətidir” mövzusunda konfrans keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım aktlarından, Bakıda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrimizdə baş vermiş erməni terroru və vəhşiliklərindən danışıb. Ölkəmizdə soyqırım qurbanlarının hər zaman dərin hüznlə və ehtiramla yad edildiyini bildirən rektor Allahdan bütün şəhidlərimizə rəhmət diləyib.
Sovet dönəmində mart hadisələrinin uzun müddət gizli saxlanılmağa çalışıldığını və bu istiqamətdə araşdırmalara müəyyən qadağaların qoyulduğunu diqqətə çatdıran Ş.Bayramov soyqırıma siyasi qiymətin verilməsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Məhz Ulu Öndərin məlum fərmanı ilə 1998-ci ildən etibarən 31 Mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini vurğulayan rektor müzəffər Ali Baş Komandanımızın və yenilməz Azərbaycan əsgərinin sayəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm qələbənin mənfur və təcavüzkar niyyətlərini reallaşdırmaq üçün zaman keçdikcə daha da azğınlaşan erməni terrorçularına verilən ən sarsıdıcı cavab olduğunu və tarixi ədalətin bərpa edildiyini diqqətə çatdırıb.
Tariximizin qan yaddaşına yazılmış soyqırım cinayətlərinin heç zaman unudulmayacağını qeyd edən rektor tarixi həqiqətlərin öyrənilməsi, gənc nəsillər arasında təbliğ edilməsi, dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən bəhs edib və bununla bağlı, MDU-da fərqli formatlarda tədbirlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verildiyini bildirib.
Konfransda MDU-nun “Humanitar fənlər” kafedrasından baş müəllim İlham Məmmədov “1918-ci il 31 mart soyqırımını doğuran tarixi şərait” mövzusunda, baş müəllim Mətanət Yusifova “1918-ci il 31 mart faciəsində etnik və siyasi amillər” mövzusunda, müəllim Mirzə Cavadov “1918-ci il 31 mart faciəsi və Azərbaycan milli ideyasının intibahı” mövzusunda, müəllim Aygün Qədirova “1918-ci il Mart soyqırımının siyasi hədəfləri” mövzusunda, müəllim Gülər Əjdərzadə “1918-ci il 31 mart faciəsi və çağdaş Azərbaycan istiqlalı” mövzusunda, müəllim Tahirə Quliyeva “XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü” mövzusunda, müəllim Pərvin Hüseynova “31 Mart soyqırımı həqiqətlərinin bədii əsərlərdə əksi” mövzusunda, müəllim Vüsalə Mövlayeva “31 mart soyqırımı hadisələrinin gənc nəslə çatdırılması ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusunda çıxış ediblər.
Sonra konfrans iştirakçıları tərəfindən məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, tariximizin qanlı səhifəsini təşkil edən soyqırım hadisəsinin tarixi dərslərindən bəhs edilib.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.
{phocagallery view=category|categoryid=562|limitstart=0|limitcount=0}