Mingəçevir Dövlət Universitetində “Azərbaycanda sığorta bazarının
inkişaf istiqamətləri” mövzusunda təlim keçirilib
Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent Emiliya Hüseynovanın təşkilatçılığı ilə “Azərbaycanda sığorta bazarının inkişaf istiqamətləri” mövzusunda sığorta işinin təşkili və təbliği ilə bağlı bir könüllülərlə təlim keçirilib.
Təlim Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası barədə 19 iyun 2019-cu il tarixli F-377 nömrəli əmrinin yerinə yetirilməsi üzrə Mingəçevir Dövlət Universitetinin Tədbirlər Planına uyğun olaraq təşkil olunub.
Təlim Microsoft Teams platforması üzərindən distant formada keçirilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru əvəzi, prof. Veysəl Əyyubov iştirakçılara universitetin rektoru Şahin Bayramovun salamlarını çatdırıb və konfransın işinə uğurlar diləyib. V.Əyyubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə sığortanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. Sığortanı milli iqtisadiyyatın davamlı inkişafına ciddi təsir edən aparıcı maliyyə alətlərindən biri kimi dəyərləndirib.
Sonra Azərbaycan Xalq Sığorta Şirkətinin satış üzrə agenti Fərid Abuşov çıxış edərək sığortanın mahiyyəti, sığorta sektoru, könüllü və icbari sığorta növləri, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası barəsində ətraflı məlumat verib.
Fərid Abuşov qeyd edib ki, sığorta şirkətləri arasında iki tərəfli və çoxtərəfli əməkdaşlıq razılaşmaları əsasında iri sığorta risklərinin birgə idarəolunması, sığorta daxılları, daxili təkrarsığorta sisteminin genişləndirilməsi, qabaqcıl təcrübənin bölüşdürülməsi, birgə maarifləndirmə, təbliğat və reklam tədbirləri, məlumat mübadiləsi və s. istiqamətlərdə işlər görülməlidir. F.Abuşov bildirib ki, əsas məqsəd sığorta bazarında əlverişli tariflərin (qiymətlərin) formalaşmasıdır. Əsas şərtlər – tarif (qiymət) sığorta şirkətinin risklərini örtməklə zəruri mənfəətliliyini təmin etməli və müştərilər üçün əlçatan olmalıdır. Şığorta şirkətləri ümumi razılaşmalar əsasında dempinq siyasətindən (qiymətdən real dəyərdən aşağı təklif olunması) əl çəkməli, daha əsaslandırılmış tarifləri təklif etməlidirlər. F.Abuşov sığorta biznesinin uzunmüddətli və dayanıqlı aparılması üçün şirkətlərin qısamüddətli dövrə hesablanmış “yüksəkmənfəətlilik” prinsipindən daşınmalı olduğunu bildirib, daha sabit və davamlı inkişafı təmin edən uzunmüddətli “kifayətedici mənfəətlilik” prinsipinə keçməli olmalarını tövsiyə edib.
Sonra təlimə dəvət olunan Azərbaycan Sənaye Sığorta Şirkətinin qəza meneceri Elməddin Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Mingəçevir KOB dostu Ayaz Ədilov çıxış ediblər. Azərbaycanda sığorta işi sahəsində mövcud normativ-hüquqi aktlar, sığortanın insanların sosial müdafiəsi baxımından əhəmiyyəti və digər məsələlər barədə ətraflı məlumat verib, sığortanın praktiki xüsusiyyətlərinə dair fikirlərini bölüşüblər.
Təqdimatlardan sonra interaktiv formatda keçirilən tədbirdə iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb, müvafiq mövzular üzrə müzakirələr aparılıb.
{phocagallery view=category|categoryid=398|limitstart=0|limitcount=0}