Mingəçevir Dövlət Universitetində dəyirmi masa keçirilib
26 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “İcbari tibbi sığorta” və “Daşınmaz əmlakın icbari sığortası” mövzularında dəyirmi masa keçirilib.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən dəyirmi masanı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov ilk növbədə, konfrans iştirakçılarına rektor Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibətilə təbrikini çatdırıb.
Dəyirmi masanın aktual mövzulara həsr edildiyini qeyd edən V.Əyyubov ölkədə icbari tibbi sığortanın və daşınmaz əmlakın icbari sığortasının tətbiqi istiqamətində görülən işlərdən və qarşıda dayanan vəzifələrdən danışıb.
MDU-nun İqtisadiyyat kafedrasının baş müəllimi Arif Tağıyev “İcbari tibbi sığorta” mövzusunda, Azərbaycan Xalq Sığorta Şirkətinin satış üzrə agenti Fərid Abuşov “Daşınmaz əmlakın icbari sığortası” mövzusunda çıxış ediblər. Məruzələrdə Azərbaycanda icbari tibbi sığortanın və daşınmaz əmlakın icbari sığortasının tətbiqinin zəruriliyi və əhəmiyyəti, mövcud vəziyyət və problemlər, pilot layihədən əldə edilən nəticələr və beynəlxalq təcrübə, pandemiya şəraitinin doğurduğu çətinliklər, sığorta tarifinin əlçatanlığı, sığorta biznesinin davamlı inkişaf şərtləri və digər məsələlərdən bəhs edilib.
Sonra Azərbaycan Dövlət Sığorta Şirkətinin Mingəçevir şəhər filialının direktoru Nazim Səfərov, Azərbaycan Sənaye Sığorta Şirkətinin qəza meneceri Elməddin Nağıyev çıxış edərək Azərbaycanda sığorta işi sahəsində mövcud normativ-hüquqi aktlar, sığortanın insanların sosial müdafiəsi baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib, sığorta işinin praktiki aspektlərinə dair fikirlərini bölüşüblər.
Maraqlı müzakirələr şəraitində keçən dəyirmi masada iştirakçıların mövzularla bağlı sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, MDU-da sənaye nümayəndələrinin fəal iştirakı ilə ölkə və region iqtisadiyyatının aktual problemlərinə həsr olunan elmi konfranslar, seminarlar və dəyirmi masaların keçirilməsinə xüsusi önəm verilir.
{phocagallery view=category|categoryid=486|limitstart=0|limitcount=0}