Mingəçevir Dövlət Universitetində “Ekoloji problemlər, plastik tullantılar,
meşələrin qorunmasının vacibliyi” mövzusunda tədbir keçirilib
Mingəçevir Dövlət Universiteti (MDU), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (RETSİ) “Ekoloji problemlər, plastik tullantılar, meşələrin qorunmasının vacibliyi” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan MDU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev, əvvəlcə rektor Şahin Bayramovun salamlarını yetirərək, tədbirin işinə uğurlar diləyib. R.Əliyev qeyd edib ki, ölkəmizin zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələr həyata keçirilir. Ekoloji tarazlığın qorunması, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mövcud olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və digər dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də bura toplaşan universitetimizin “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsilverən və təhsilalan müəllim və tələbələr, GİZ QHT və 8 saylı Regional ETSİ-nin əməkdaşları ilə birgə təşkil olunan bu tədbirdi.
Sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisləri Lalə Novruzova və Lalə Səfərli tədbirin məqsəd və məramı barədə məlumat veriblər. Bildiriblər ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) GmbH-ın Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) ilə birlikdə həyata keçirdiyi “Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” “İş qatarı” regional layihə həyata keçirilir. Layihəyə uyğun olaraq Mingəçevir “Gənclər evində” treninqlərin təşkil ediləcəyi barədə məlumat veriblər.
Sonra 8 saylı RETSİ-nin “Ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektorunun” müdiri Qərib Abdullayev “İqlim dəyişmələrinin ekoloji nəticələri”; 8 saylı RETSİ-nin “Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektorunun” aparıcı mütəxəssisi Günel Əliyeva “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planından irəli gələn məsələlər”; MDU-nun “Fizika və ekologiya” kafedrasının müəllimi Gülmirə Məmmədova “Ətraf mühitin ekoloji monitorinqi və informasiya sistemi”; GİZ-in müstəqil eksperti Asiman Qocayev “Ekoloji problemlər, plastik tullantıların və meşələrin qorunmasının vacibliyi” mövzularında məruzələr ediblər.
Tədbir məruzələr ətrafında geniş müzakirələrlə başa çatıb.
{phocagallery view=category|categoryid=243|limitstart=0|limitcount=0}