Mingəçevir Dövlət Universitetində “İmtahan könüllüsü” layihəsi həyata keçirilir

  • Post category:Könüllülük

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online imtahan sessiyası davam edir. “Microsoft Teams” platforması üzərindən təşkil olunan imtahan sessiyasının üçüncü günündə ümumilikdə 22 qrup üzrə 459 tələbənin iştirakı nəzərdə tutulub. Əvvəlki günlərdə olduğu kimi, tələbələrin yüksək aktivliyinin müşayət olunduğu növbəti imtahan günündə də bütün tələbələr müvəffəq qiymət alıblar.

 

Ölkə başçısı tərəfindən Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsini nəzərə alaraq, MDU-da ilk dəfə online formatda təşkil olunan imtahan sessiyası çərçivəsində “İmtahan könüllüsü” adlı layihə həyata keçirillir. Layihə çərçivəsində əsasən sonuncu kursda təhsil alan tələbələrin məsafədən reallaşdırılan imtahanların təşkilinə könüllü qismində cəlb olunması nəzərdə tutulur. Könüllü tələbələr imtahanlara evdən qoşulan müəllimlərə və birinci-üçüncü kurs tələbələrinə texniki və təşkilati baxımdan köməklik göstərirlər. “İmtahan könüllüləri” informasiya-kommunikaya vasitələrinin geniş tətbiqi ilə keçirilən imtahan prosesində İmtahan Qərargahının, Tədris şöbəsinin, dekanlıqarın və Appelyasiya Komissiyasının çevik və səmərəli fəaliyyət göstərməsində yaxından iştirak edirlər.

 

MDU-ya 612 bal toplayaraq qəbul olan, hazırda dördüncü kursda təhsil alan və gələcəyin müəllimi olacaq Kəmalə Hacıyeva “İmtahan könüllüsü” layihəsində iştirakı barədə fikirlərini bölüşüb.