Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının dördüncü həftəsi də uğurla başa çatıb
Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin 8 iyun tarixində başlayan online imtahan sessiyasının dördüncü həftəsi də uğurla yekunlaşıb. Artıq məlumat verdiyimiz kimi, MDU-da imtahanlar ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.
29 iyun-03 iyul tarixlərini əhatə edən dördüncü imtahan həftəsində bakalavriat və magistratura səviyyələrində keçirilən 135 imtahanda ümumilikdə 1874 tələbə və magistrant iştirak edib. Məsafədən keçirilən imtahanlarda faktiki olaraq bütün tələbələrin və magistrantların iştirakı təmin olunub. İmtahanlarda iştirak edənlərin demək olar ki, hamısı müvəffəq qiymət alıblar.
Karantin dövrünün reallıqları nəzərə alınmaqla çoxsaylı güzəştlərin tətbiqi ilə müşayət olunan imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi təmin olunub. Çoxsaylı güzəştlərin tətbiqi ilə reallaşdırılan online imtahan prosesində MDU-nun gənc əməkdaşlarından ibarət “Texniki dəstək qrupu” və müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” fəal iştirak edirlər. Eyni zamanda, ilk dəfə reallaşdırılan MDU-nun könüllü tələbələrindən ibarət “İmtahan könüllüləri” layihəsi imtahan prosesində çevikliyin və səmərəliliyin təmin olunmasında mühüm rol oynayır.
MDU-da yaz semestrinin imtahan sessiyası cari ilin 7 iyul tarixinədək davam edəcək.