Mingəçevir Dövlət Universitetində “İnnovasiyalar Mərkəzi”nin əməkdaşları ilə görüş keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “İnnovasiyalar Mərkəzi”nin əməkdaşları ilə görüş keçirilib

 

2022-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin əməkdaşları ilə görüş keçirilib. Görüş Mərkəzin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsində universitetin iştirakının dəstəklənməsi məqsədi daşıyıb.

Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin modernləşməsi istiqamətində görülən işlərdən və strateji hədəflərdən bəhs edib. MDU-nun regional innovasiya ekosisteminin mühüm aktorlarından birinə çevrilməsinin başlıca hədəflərdən olduğunu diqqətə çatdıran Ş.Bayramov universitetin innovasiya potensialının inkişafı baxımından Mərkəz ilə işbirliyinin əhəmiyyətindən danışıb və əməkdaşlığa daim açıq olduğunu bildirib.

Görüşdə çıxış edən “İnnovasiyalar Mərkəzi”nin Layihələrin idarəedilməsi departamentinin müdiri Şəbnəm Məmmədova “Gələcək üçün bacarıqlar” layihəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf və ixtira sahəsinə yönləndirilməsidir. Layihənin əsas komponentlərindən və mərhələlərindən danışan Ş.Məmmədova bu çərçivədə əməkdaşlığın universitet üçün faydalı olacağına əminliyini söyləyib.

Layihə menecerləri Elxan Şükürov və Kamilə Babayeva, MDU-nun Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırovun da iştirak etdikləri görüş universitetin layihəyə qoşulması ilə bağlı məsələlərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da innovasiya potensialının inkişafı diqqət mərkəzində saxlanılır, bu məqsədlə təhsilalanların və təhsilverənlərin innovasiya fəaliyyətlərinin dəstəklənməsinə xüsusi önəm verilir.

{phocagallery view=category|categoryid=866|limitstart=0|limitcount=0}