Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla davam etdirilir
Mingəçevir Dövlət Universiteti (MDU), ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub”-ın birgə tərəfdaşlığı ilə təşkil edilən “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi layihəsi çərçivəsində 2021-ci ilin 15 sentyabr tarixindən etibarən tələbələr üçün nəzərdə tutulmuş təlimlərə start verilib.
Bundan əvvəl, sentyabrın 9-da MDU-da layihədə iştirak edəcək tələbələrlə görüş keçirilib.
Görüşdə “Resource Hub” platformasının təsisçisi Gülnarə İsmayılova layihənin gənclərin inkişafı, xüsusilə onların xarici dil biliklərinin, oxu, yazı və danışma qabiliyyətlərinin artırılması üçün yaratdığı imkanlardan bəhs edib.
Hibrid formatda (onlayn və offlayn) təşkil ediləcək layihədə 30 nəfər tələbənin iştirakının nəzərdə tutulduğunu vurğulayan G.İsmayılova təlim proqramı haqqında ətraflı məlumat verib.
Sonra tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, dörd ay ərzində reallaşdırılacaq sözügedən layihə çərçivəsində cari ilin avqustun 30-dan sentyabrın 14-dək MDU-nun ingilis dilinin tədrisi ilə məşğul olan akademik heyət üzvləri üçün təlimlər keçirilib.
Təlim proqramı oxu dərslərinin mərhələləri və strategiyaları, dinləmə bacarıqlarının tədrisi metodları, ekstensiv və intensiv dinləmə, tənqidi dinləmə və dil öyrənmə, dinləmənin tədrisində onlayn resurslardan istifadə, oxu fəaliyyəti və texnikası, öyrənmə nəticələrinin artırılması, analitik oxu və mətn təfsiri, oxu bacarıqlarının qiymətləndirilməsi üsulları və digər mövzuları əhatə edib.
Layihə müddətində müəllimlərin və tələbələrin əldə etdikləri bilik və bacarıqların ingilis dilinin tədrisində tətbiqi nəticələri ilə bağlı müvafiq monitorinqlər aparılacaqdır.
Son dövrdə modernləşməyə doğru sürətlə irəliləyən MDU-da kadr potensialının və təhsilalanların hərtərəfli inkişafına xidmət edən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
{phocagallery view=category|categoryid=676|limitstart=0|limitcount=0}