Mingəçevir Dövlət Universitetində “XX əsrin ən qəddar cinayəti – Xocalı qətliyamı: tarixi-psixoloji təhlil” mövzusunda mühazirə keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “XX əsrin ən qəddar cinayəti – Xocalı qətliyamı: tarixi-psixoloji təhlil” mövzusunda mühazirə keçirilib

 

2021-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) tələbə və magistrantlar üçün Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş “XX əsrin ən qəddar cinayəti – Xocalı qətliyamı: tarixi-psixoloji təhlil” mövzusunda mühazirə keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova, ilk öncə, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə, o cümlədən Xocalı faciəsinin qurbanlarına Allahdan rəhmət diləyib. Xocalı soyqırımının XX əsrin ən qəddar cinayətlərindən biri olduğunu qeyd edən E.Cəfərova bu qanlı faciənin müxtəlif aspektlərdən araşdırılmasının və gənc nəsil arasında təbliğ edilməsinin vacibliyindən danışıb.

Sonra, mühazirəçi, MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov geniş məruzə ilə çıxış edib.

Məruzədə Xocalı soyqırımının erməni millətçiləri tərəfindən yüzilliklər boyu Azərbaycan xalqına qarşı aparılan genosid və etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən olduğu qeyd edilib. Xocalı soyqırımı kimi bir zorakılığı törətmiş, əsrlərlə çiçəklənən şəhər və kəndləri, tarixi-mədəni abidələri yer üzündən silmiş və minlərlə dinc sakini qəddarcasına qətlə yetirmiş təcavüzkar, vandal və terrorçu erməni toplumu haqda heç bir ümumbəşəri dəyərlərdən danışmağın mümkün olmadığı bildirilib.

Ermənilərin siyasi və hərbi doktrinasında azərbaycanlı və türk qanına susamağın həmişə prioritet olmasının onların qatı düşmənçiliyə və şovinizmə əsaslanan xəstə psixologiyasından və faşist ideologiyasından irəli gəldiyi diqqətə çatdırılıb.

Müzəffər Ali Baş Komandanımzın və rəşadətli Azərbaycan Ordusunun sayəsində tarixi Zəfər qazandığımız 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı ilə qaniçən, terrorçu erməni ordusunun məhv edildiyi, ərazi bütövlüyümüzün təmin olunduğu qeyd edilib, üçrəngli bayrağımızın dalğalandığı doğma Qarabağın inkişafı və onun gələcəyi ilə bağlı görüləcək irimiqyaslı işlərdən danışılıb, gənclərin sevinc və qürur hissi ilə dolu daha böyük tarixi uğurların və qələbələrin şahidi olacağına əminlik ifadə edilib.

Sonda İ.Məmmədov tələbə və magistrantların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, MDU-da Xocalı soyqırımına həsr olunmuş müxtəlif formatda tədbirlər davam etdirilir. Sözügedən mühazirə Azərbaycan Respublikasının təhsil nazirinin 2 fevral 2021-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində təşkil edilib.

{phocagallery view=category|categoryid=529|limitstart=0|limitcount=0}