2022-ci ilin 18 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Kimya laboratoriyasının açılışı olub. Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının nəzdində fəaliyyət göstərəcək laboratoriyanın açılışı mərasimində professor-müəllim və tələbə heyəti, MDU İctimai Nəzarət Şurasının üzvləri və tərəfdaş sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.
Əlamətdar hadisə münasibətilə əməkdaşları və tələbələri təbrik edən MDU-nun rektoru Şahin Bayramov Kimya laboratoriyasının tədrisin məzmununun təkmilləşdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Mühəndislik profili üzrə yüksək ixtisaslı kadr hazırlığı istiqamətində universitetdə həyata keçirilən tədbirlərdən danışan rektor laboratoriyanın tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
Kimya laboratoriyasının yaradılmasında əməyi keçənlərə təşəkkür edən Ş.Bayramov qısa müddətdə ərsəyə gələn laboratoriyanın təqdim etdiyi texniki-təcrübi imkanlar barədə məlumat verib. Tələbə və müəllimlərə uğurlar arzulayan rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun maddi-texniki bazasının gücləndirilməsi sahəsində yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrdən danışıb.
Son dövrlər MDU-da tədris və elmi fəaliyyətin inkişafı istiqamətində görülən işlərdən məmnunluğunu ifadə edən “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov Kimya laboratoriyasının istifadəyə verilməsi münasibətilə universitetin rəhbərliyini, əməkdaşlarını və tələbələrini təbrik edib. Əmək bazarının tələblərinə uyğun kadr hazırlığı sahəsində MDU-nun rolundan bəhs edən T.Hüseynov Mühəndislik fakültəsinin tələbə və əməkdaşlarını yeni laboratoriyanın təqdim etdiyi imkanlardan faydalanmağa dəvət edib.
Açılış mərasimində çıxış edən MDU İctimai Nəzarət Şurasının üzvləri Ədalət Quliyeva, Mirsədi Daşdəmirov və Esmira Hidayətova yeni laboratoriyanı universitetin növbəti uğuru kimi dəyərləndiriblər və səmimi təbriklərini çatdırıblar.
Sonra, Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova, kafedranın dosentləri Adil Aslanov və Məhyəddin Mehdiyev çıxış edərək yeni laboratoriyanın qısa müddətdə yaradılmasına görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Çıxışlarda yeni laboratoriyanın yalnız kimya istiqaməti üzrə deyil, fizika və ekologiya istiqaməti üzrə də müvafiq fənlərin tədrisi baxımından faydalı olacağını vurğulayıblar. Laboratoriyada keçiriləcək praktiki seminarlardan bəhs edən əməkdaşlar magistrantların, laborant və gənc müəllimlərin inkişafı üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.
Bildirilib ki, Kimya laboratoriyası tipləmə üsulu ilə müxtəlif maddə qarışımlarının alınması, reaksiyanın sürətinin hesablanması, spesifik tədqiqatların yerinə yetirilməsi, texniki və elmi təcrübələrin aparılması üçün zəruri avadanlıqlarla təchiz olunub.
Sonda, Mühəndislik fakültəsinin tələbələri müxtəlif kimyəvi elementlərin qarışdırılaraq reaksiyaya girməsi və yeni məhlulların alınması ilə bağlı nümunələr nümayiş etdiriblər.
Qeyd edək ki, maddi-texniki və laboratoriya bazasının gücləndirilməsi, tələbə və magistrantların nəzəri biliklərlə yanaşı zəruri praktiki bacarıqlar da qazanması MDU-da diqqət mərkəzində saxlanılır.