29 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransı keçirilib. Konfransda MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin magistrantları, professor-müəllim heyəti üzvləri iştirak ediblər.
“Microsoft TEAMS” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Azərbaycanda elm sahəsinə və alimlərə verilən yüksək dəyərin bariz nümunəsi olaraq, ölkə başçısının müvafiq sərəncamına əsasən hər il mart ayının 27-nin respublikada “Elm günü” kimi qeyd edilməsini diqqətə çatdırıb, bu münasibətlə universitetin professor-müəllim heyətini, tələbə və magistrantlarını təbrik edib.
Ali təhsil müəssisələrində elmi tədqiqatın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayan rektor tələbə və magistrantların təhsil aldıqları dövrdə elmi araşdırmalara aktiv cəlb olunmalarının vacibliyindən, elmi konfranslarda iştirakın əhəmiyyətindən və bu məqsədlə MDU-da yaradılmış geniş imkanlardan bəhs edib.
Universitetdə səmərəli və nəticəyönümlü elmi fəaliyyətin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışan Ş.Bayramov tədqiqat qabiliyyətinin artırılması, elmi-tədqiqat işlərində müasir elmi yanaşma və metodlardan geniş istifadə edilməsi, əldə edilən elmi nəticələrin təqdim edilməsi bacarıqlarının inkişaf edirilməsi və digər məsələlərlə bağlı magistrantlara müvafiq tövsiyələrini bildirib.
Sonra, konfransın proqramına uyğun olaraq plenar iclasın məruzələri dinlənilib.
MDU-nun magistrantlarından Gülnar Ələkbərova “Fəal/interaktiv təlimin ədəbiyyat dərslərində rolu” mövzusunda, İlham İlyasov “Əlverişli mühitdə ideyadan biznesə doğru” mövzusunda, Əkbər Hüseynov “Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilin banında yaranmış zədələnmələrin avtomatlaşdırılmış qeydiyyatı və zədə dərəcəsinin tətbiqi yolları” mövzusunda, Samir Paşayev “Azərbaycanda günəş enerjisindən istifadənin səmərəliliyi” mövzusunda, Elvin Muradzadə; “Obrazların tanınması sisteminin informasiya modelinin yaradılması” mövzusunda, Pünhan Musayev “Post müharibə dövründə Azərbaycanın makroiqtisadi mühitinin mövcud reallıqları və strateji baxışları” mövzusunda, Sabir Əliyev “Neft emalı və neft sənayesinin ekoloji problemləri” mövzusunda, Nuranə Abbasova “İnnovasiya sahibkarlığı və onun iqtisadi inkişafda rolu” mövzusunda çıxış ediblər.
Maraqla dinlənilən məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Elmi-nəzəri konfrans öz işinə bölmə iclasları ilə davam edib.
Qeyd edək ki, MDU-da “Elm günü” çərçivəsində həyata keçirilən silsiləvi elmi tədbirlərdə tələbə və magistrantların fəal iştirakına xüsusi əhəmiyyət verilir, onların elmi tədqiqatlarının nəticələrinin ictimaiyyətə təqdim edilməsi imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılır.