Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib

 

2020-ci il 2 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq işləri çərçivəsində rektor Şahin Bayramovun MDU-nun professor-müəllim heyəti ilə görüşü keçirilib. “Microsoft Teams” platforması üzərindən virtual formatda keçirilən görüşdə bütün kafedraların və dekanlıqların əməkdaşları iştirak ediblər.

MDU-da məsafədən təhsilin təşkilində fəal iştiraklarına görə professor-müəllim və inzibati-texniki heyət üzvlərinə təşəkkürünü bildirən Ş.Bayramov Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarı ilə mövcud qanunvericilik aktlarına edilmiş dəyişikliklər barədə ətrafı məlumat verib. O, qeyd olunan Qərar, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq təlimat və razılıq məktubları nəzərə alınmaqla MDU Elmi Şurası tərəfindən qəbul edilən “Mingəçevir Dövlət Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrində imtahan sessiyasının, Yekun Dövlət Attestasiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili qaydaları”nın detallarını diqqətə çatdırıb.

Rektor mövcud şərait nəzərə alınmaqla imtahan sessiyası çərçivəsində tələbələr üçün tətbiq edilən çoxsaylı güzəştlər barədə danışıb. O, məsafədən dərslərdə iştirakla bağlı davamiyyətin nəzərə alınmaması, sərbəst işlərin hamısının təqdim edilmiş hesab olunması, imtahan suallarının əhəmiyyətli dərəcədə azaldılması, imtahan sualları üzrə qısaldılmış konkret mətnlərin əvvəlcədən tələbələrə təqdim edilməsi, online formatda şifahi qaydada keçiriləcək imtahanlarda əldə ediləcək nəticənin cari qiymətləndirilmə nəticəsi kimi nəzərə alınması, imtahan prosesində tələbələrə mümkün texniki və təşkilatı dəstəyin göstərilməsi və s. kimi güzəştlərin tələbələrin imtahan sessiyasında müvəffəqiyyət əldə etməsinə şərait yaradacağına əminliyini bildirib.

Sonda professor-müəllim heyətinin çoxsaylı suallarını cavablandıran Ş.Bayramov imtahanlarda obyektivliyin və şəffaflığın təmin edilməsinə dair müvafiq tapşırıqlar verib.

{phocagallery view=category|categoryid=381|limitstart=0|limitcount=0}