Mingəçevir Dövlət Universitetində Rus dili gecəsi
Mingəçevir Dövlət Universitetində “Rus dili” gecəsi keçirilib. Tədbiri giriş sözü ilə “Xarici dillər” kafedrasının müdiri, dosent Zenfira Əzizova açıb. Bildirib ki, dil və xalqlar arasında əlaqəni hələ XIX əsrin ortalarında məşhur alman alimi və mütəfəkkiri Vilhelm fon Humboldt dəqiq ifadə etmişdir. O, dili xalqın ruhu adlandırmış, millətin adət və ənənələrinin, milli dəyərlərinin və mədəniyyətinin dildə əks olunmasını, məhz millətin dil vasitəsilə formalaşmasını qeyd etmişdir. Bütün dünya tarixi təcrübəsi göstərir ki, mədəniyyətlərin, dövlətlərin və xalqların yer üzündən silinməsi həmişə onun dilinin itirilməsi, linqvistik kapitulyasiyanın qarşısında aciz qalmasından başlayır. Dilin itirilməsi ilə xalq öz bənzərsizliyini, özünəməxsus mədəniyyətini, öz mentalitetini dərk etməkdən uzaqlaşır.
Zenfira Əzizova qeyd edib ki, Azərbaycan rus dilinin qorunmasını və onun inkişafını ilk növbədə öz maraqlarını nəzərə alaraq həyata keçirir. Bu rus dilinin, rus mədəniyyətinin artan vacibliyini təsdiq edən əsas faktordur. Rus dili gecəsinin keçirilməsində də məqsəd rus dilini və rus mədəniyyətinin dəstəkləmək xəttinin bir hissəsidir. İlk növbədə bu rus dilinə meyl göstərənlərə və Mingəçevir Dövlət Universitetində təhsil alan tələbələrə tövhədir.
Sonra tədbirdə gecənin təşkilatçılarından biri, Xarici dillər kafedrasının baş müəllim Nərgiz İslamova çıxış edib. Qeyd edib ki, bir çox MDB ölkələrində rus dili milli azlıqların dilinə çevrilib, digər millətlərarası ünsiyyət vasitəsilə müqayisədə daha aşağı sosial imicdə fəaliyyət göstərir, amma Azərbaycanda mövcud olan dil şəraiti heç də belə deyil. Məlum olduğu kimi, Azərbaycan uzun bir müddət ərzində rus dili məkanına daxil idi və bu səbəbdən də əhalinin əksər hissəsi rus dilini daha yaxından mənimsəmişdi. Azərbaycanda rus dili dövlət dilindən sonra funksional baxımdan ikinci dərəcəli dil kimi sosial-iqtisadi, elmi-mədəni və ictimai sahələrdə işlənməkdə davam edir.
N.İslamova vurğulayıb ki, Azərbaycanda rus dilinin istifadəsi üçün siyasi və hüquqi şərait yaradılıb. Dünyada tək-tək ölkələr tapılar ki, orada rus dilli orta və ali məktəbləri dövlət öz büdcəsindən maliyyələşdirsin, kadrların hazırlanmasını, kitab və dərsliklərin çapını təmin etsin, rus dilli yazıçıları dövlət dilində yazan klassiklərlə bərabər tutsun. N.İslamova çıxışını Ulu öndər Heydər Əliyevin fikiri ilə bitirib: “Я хочу, чтобы наша молодёжь читала Шекспира на английском, Физули на азербайджанском, а Пушкина на русском языке”.
Sonra tədbirin aparıcıları EE17 saylı qrupun tələbəsi Təranə Mustafayeva və ST17.2 saylı qrupun tələbəsi Ləman Məmmədova “Rus dili” gecəsində mübarizə aparacaq komandaları, “Золотая армада”, “Лидер” və “Максимум” komandalarını təqdim ediblər.
Gecənin proqramına uyğun olaraq, I mərhələdə “Что?, Где?, Когда?” müsabiqəsində komandalar hazırlanmış suallara cavab verib və nəticələr münsiflər heyəti tərəfindən 5 ballı sistem üzrə qiymətləndirilib.
II mərhələdə komandaların kapitanları “Наша страна”, “Наш город”, “Наш университет” sual-anketləri üzrə biliklərini nümayiş etdiriblər.
III mərhələdə komandalar 5 dəqiqə ərzində “Город в котором я учусь”, “Наша страна”, “Наш университет” mövzuları üzrə hekayə hazırlayıb danışıblar.
Tədbirin birinci hissəsində fasilə zamanı tələbələr “Пусть всегда будет солнце” mahnısını ifa ediblər.
Növbəti mərhələdə komandaların kapitanlarına rus dilində Səməd Vurğunun “Azərbaycan” şerindən bir parça əzbər demələri tapşırığı verilib.
V mərhələdə isə komandaların qrammatik bilikləri yoxlanılıb.
Növbəti mərhələdə isə komandalara bir-biri ilə dialoq yaratmaq tapşırığı verilib. Bütün tədbir boyu qələbə uğrunda komandalar arasında gərgin mübarizə keçib.
Gecənin sonunda çıxış edən münsiflər heyətinin sədri, “Xarici dillər” kafedrasının müdiri, dosent Zenfira Əzizova komandaları təbrik edib, sona qədər komandaların mübarizə apardıqlarının şahidi olduqlarını bildirdi. Münsiflər heyətinin qərarı ilə dostluğun, birliyin qalib olduğunu vurğulayıb və komandalara gələcəkdə yeni uğurlar arzulayib. Qarşıdan gələn əlamətdar günlər münasibətilə tədbir iştirakçılarını təbrik edib və imtahan sessiyasında uğurlar arzulayıb.
Tədbir şən musiqi sədaları altında davam edib.
Qeyd edək ki, münsiflər heyətinin tərkibi “Xarici dillər” kafedrasının müdiri, dosent Zenfira Əzizova, kafedranın baş müəllimi Mətanət İsmayılova, “Humanitar fənlər” kafedrasının baş müəllimi Mətanət Yusifova və universitetin əməkdaşı Antonina Lukovskovadan ibarət olub. Komandaları “Rus dili” gecəsinə “Xarici dillər” kafedrasının baş müəllimləri Nərgiz İslamova, Lalə Hüseynova, müəllimlər Rozetta Yusubova və İradə Quliyeva hazırlayıblar.
{phocagallery view=category|categoryid=19|limitstart=0|limitcount=0}