Mingəçevir Dövlət Universitetində tələbələrin startap fəaliyyətinin təşviqinə dair görüş keçirilib
2020-ci ilin 12 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin startap fəaliyyətinə daha fəl cəlb olunması məsələlərinə həsr olunmuş online görüş keçirilib. Görüşdə öz ideyalarını reallaşdırmaqda maraqlı olan 40-dan artıq kreativ tələbə iştirak edib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan görüşü açan MDU-nun rektoru Şahin Bayramov bu günlərdə koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən “Virtual Hackathon–2020” müsabiqəsi barədə məlumat verib. Rektor bildirib ki, “Biz birlikdə güclüyük” adlı müsabiqə Azərbaycan Texniki Universiteti ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.
Ş.Bayramov ümumilikdə 27 komandanın qeydiyyatdan keçdiyi və 16 komandanın yarımfinala yüksəldiyi sözügedən müsabiqədə MDU-nun “Crisis Heroes” komandası tərəfindən hazırlanan “Danışan ixtisas” portalının fərqlənən layihə olaraq dördüncü yerə layiq görüldüyünü bildirib. Rektor “Crisis Heroes” komandasının görüşdə iştirak edən bütün üzvlərini yüksək nəticə münasibətilə təbrik edib, MDU-nu layiqincə təmsil etdiklərinə görə onlara kollektiv adından təşəkkürünü çatdırıb. İlk dəfə belə bir nüfuzlu müsabiqəyə qatılan MDU komandasının dördüncü yerə layiq görülməsini universitetin uğuru kimi dəyərləndirən Ş.Bayramov tələbələrin bu nailiyyətində bir sıra əməkdaşların da mühüm rol oynadığını bildirib.
Görüşdə çıxış edən “Crisis Heroes” komandasının kapitanı və üzvləri müsabiqəyə hazırlıq üçün yaradılan şəraitə və imkanlara görə universitet rəhbərliyinə təşəkkür ediblər və müsabiqədə iştirakın təcrübə toplanılması baxımından çox faydalı olduğunu diqqətə çatdırıblar. Görüşdə iştirak edən tələbələr bundan sonra da MDU-nu layiqincə təmsil etməyə, kreativ ideyalarını layihələrə çevirməyə və startap fəaliyyətlərində daha aktiv olmağa çalışacaqlarını bildiriblər.
Tələbələri startap layihələrində daha fəal iştiraka dəvət edən Ş.Bayramov bu istiqamətdə MDU tərəfindən bütün zəruri texniki və ekspert dəstəyinin göstəriləcəyini bildirib. Rektor tələbələrin MDU ilə Mingəçevir Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq çərçivəsində yaradılmış “Simbioz” Texnoloji Biznes İnkubatorun imkanlarından faydalanması üçün bütün imkanlarını yaradıldığını diqqətə çatdırıb.
Görüş çərçivəsində startapların yaradılması və layihələrin hazırlanması məsələlərinə dair geniş müzakirələr aparılıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb.
{phocagallery view=category|categoryid=372|limitstart=0|limitcount=0}